Mirbağır İsayev: "16-17 yaşlı futbolçuları psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdır"

Mirbağır İsayev: "16-17 yaşlı futbolçuları psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdır"

Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının bu gün İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda açıq məşqi olub. SİA-nın məlumatına görə, məşqdən əvvəl yığmamızın baş məşqçisi Mirbağır İsayev mətbuat nümayəndələrinə açıqlama verib: "İlk növbədə komandaya diqqət ayırdığınız üçün sizə təşəkkür edirəm. Martın 2-dən təlim-məşq toplanışındayıq. Gündə iki dəfə məşq edirik. Hazırlıq plana uyğun davam edir. Toplanış ərzində iki yoxlama görüşündə qüvvəmizi sınamışıq. Heyətimizdə zədəli futbolçular var. Kazım Birkan və Ziya Əzizov zədəlidirlər. Deməzdim ki, onlar komanda üçün ciddi itkidir. Ancaq oynasaydılar, böyük köməklikləri olardı. Əsas məqsədimiz ilk oyunadək futbolçuların hazırlığını pik həddə çatdırmaqdır. Yaxşı hazırlıq keçmək üçün AFFA tərəfindən hər cür şərait yaradılıb. Dünən baş katib Elxan Məmmədov da komanda ilə görüşərək hazırlığın gedişi ilə maraqlandı. Bu özü də futbolçular üçün bir stimuldur.

Rəqiblərin oyunlarına baxıb təhlil etmişik. Hər biri haqda məlumatımız var. Qrupumuzda yer alan bütün rəqiblərlə mübarizə aparmaq olar. Azərbaycanı layiqincə təmsil etmək borcumuzdur. Oyunların Bakıda keçirilməsinin mənfi və müsbət tərəfləri var. 16-17 yaşlı futbolçuları psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdır ki, meydanda əsl mübarizəyə hazır olsunlar. Bütün oyunlar bizim üçün əhəmiyyətlidir. İlk qarşılaşmada qələbə qazansaq, futbolçuların özlərinə inamı daha da yüksələcək. Novruz Bayramında xalqımıza sevinc bəxş etmək istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə