BAOƏK ilə AzTV arasında yayım sazişi imzalandı FOTOSESSİYA

BAOƏK ilə AzTV arasında yayım sazişi imzalandı FOTOSESSİYA

Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi I Avropa Oyunlarının Azərbaycanda yayımını təmin etmək üçün Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) ilə saziş imzalayıb. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq iştirak edib.

Öncə Bakı 2015-ə həsr olunmuş videoçarx nümayiş olunub.

A. Rəhimov I Avropa Oyunlarının yayımında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin böyük rolu olacağını qeyd edib: "Bu müqavilə sayəsində milyonlarla insan AzTV və "İdman Azərbaycan" kanalı vasitəsi ilə I Avropa Oyunlarına baxa biləcək. Mümkün qədər çox canlı yarışlar, möhtəşəm açılış və bağlanış mərasimləri və məşəlin ölkə boyunca ötürülməsi nümayiş olunacaq. Ümumilikdə 1 milyard insan Oyunları izləyəcək. 120 ölkədə isə yayım nümayiş olunacaq".

A. Alışanov Bakı 2015 Avropa Oyunlarının Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti vasitəsi ilə yayımlanmasının böyük bir şərəf olduğunu deyib: "AzTV və "İdman Azərbaycan" kanalında yarışlardan canlı yayımlar, reportajlar, icmallar nümayiş olunacaq. AzTV ölkə əhaləsinin 99, 96 faizini əhatə edən tamaşaçı kütləsinə malikdir. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti uzun illərdir Olimpiya Oyunlarını canlı nümayiş etdirir. Bizim bu sahədə böyük təcrübəmiz, bütün texniki avadanlığımız var".

Daha sonra gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov yayım sazişini imzalayıblar.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə