Qadın güləşçilərimiz Dünya Kubokunda yarışacaqlar HEYƏT

Qadın güləşçilərimiz Dünya Kubokunda yarışacaqlar HEYƏT

Mart 7-8-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. SİA-nın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edəcək.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparacaq. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayacaq.

Heyətdə baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 8 güləşçimiz yer alıb. Yarışlarda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka (69 kq) və Gözəl Zutova (75 kq) təmsil edəcək.

Yarışın proqramına əsasən, martın 7-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, ikincilər isə, üçüncülük uğrunda görüşəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə