Elşən İsmayılov "İbtiadi qruplardan yüksək səviyyəli idmançılar hazırlamaq olur" AÇIQLAMA

Elşən İsmayılov "İbtiadi qruplardan yüksək səviyyəli idmançılar hazırlamaq olur" AÇIQLAMA

"Azərbaycanda idmanın inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz hər zaman idmana və idmançılara yüksək diqqət və qayğı göstərib, Azərbaycan idmanının inkişafı üçün əvəzolunmaz işlər görüb. 5 mart - Bədən Tərbiyəsi və İdman Günü Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən təsis edilib. Bütün idman ictimaiyyəti bu günü təntənəli şəkildə qeyd edir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Elşən İsmayılov deyib. O, bayramın ölkəmizdə təntənəli şəkildə qeyd olunması və AVF-nin bununla bağlı keçirdiyi tədbirlərdən danışıb: "Gözəl ənənə yaranıb. Bayram günü bütün idman ictimaiyyəti Gənclər və İdman Nazirliyinin ətrafında birləşərək silsilə idman tədbirləri keçirirlər. AVF olaraq biz də bu gün federasiyanın zalında müxtəlif yaş qruplarında olan gənc qızlardan təşkil olunmuş komandaların iştirakı ilə estafet yarışları, yoldaşlıq oyunları təşkil etdik. Bayram tədbirinə gənc gimnastlar da cəlb olunmuşdu. Günün ikinci yarısında isə kişilərdən ibarət milli yığma komandamızın iştirakı ilə şou proqram təşkil olundu. Azərbaycan Voleybol Mərkəzində "Azəryol" və "Azərreyl" komandaları arasında yoldaşlıq matçı keçirildi. Tədbirə musiqiçilər və qonaqlar da dəvət olundular. Biləcəridə yerləşən "Lokomotiv" İdman Sağlamlıq Mərkəzinin voleybol zalında "Lokomotiv" komandası ilə klubun fanatlarından ibarət komandanın görüşü keçirildi.

Belə tədbirlər ilk növbədə ictimaiyyətdə bu gün haqqında məlumatlılıq yaradır, idmana həvəsi artırır və voleybol idman növünün kütləviləşməsinə şərait yaradır. Məsələn, bu gün səhər keçirilən tədbirə xeyli valideyn gəlmişdi. Tədbirdən sonra elə oradaca ucaboylu uşaqları voleybol bölmələrinə yazdırdılar. Belə ibtiadi qruplardan sonralar yüksək səviyyəli idmançılar hazırlamaq olur.

Bütün xalqımızı bayram münasibəti ilə təbrik edirəm, idmançılarımıza uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə