AFFA-nın baş katibi Elxan Məmmədovun SİA-ya müsahibəsi:
- Sabah AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək. Konfransa UEFA və FİFA-dan qonaqların qatılması gözlənilir?
- Bəli, konfransda UEFA-nın İcraiyyə Komitəsinin üzvü xanım Karen Espelund iştirak edəcək.
Qeyd edim ki, konfransda AFFA prezidenti Rövnəq Abdullayev 10 illik- 2005-2015-ci illərin dövlət proqramına uyğun olaraq hesabatını dövlət nümayəndəsinə təqdim edəcək. Hesabat hazırdır. Dövlət nümayəndələrindən başqa, ictimaiyyətə də 10 illik hesabat təqdim olunacaq.
- AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclasında legioner limiti müzakirə olunacaq?
- İcraiyyə Komitəsinin iclasında gündəlikdə maaşlarla bağlı məsələ var, ancaq legioner limiti məsələsi yoxdur. Lakin İK üzvləri bu məsələni qaldırsalar, müzakirələr aparılacaq. Sabah konfrans zamanı seçkilər də olacaq. İki vakant yerə iki namizəd var. Konfransın gündəliyində bu məsələyə baxılacaq.
- Antalyada verdiyiniz açıqlamalar reaksiyalara səbəb oldu…
- Biz klublara futbol akademiyası layihəsinə görə pul köçürdürük, bəzilərinin xərclərini ödəyirik və rüblük olaraq hər bir klub maliyyə tərəfinin hesabatını verir. İşlər qaydasında davam edir. AFFA-nın verdiyi vəsaitə uyğun olaraq hesabat tələb etmək katibliyin borcudur. Çünki, bu, ictimai birlikdir. AFFA-nın katibliyi assosiasiyanın üzvlərinə və ictimaiyyətə vəsaitin hara xərcləndiyi haqda hesabat verir. 2008-ci ildən başlayaraq bütün maliyyə hesabatlarımız şəffaf şəkildə göstərilir. Biz xərcləri yazmaq üçün klubun vəsaiti hara xərclədiyini bilməliyik. Bu, normal qaydadır.
"Rəvan" klubunun AFFA-nın təyin etdiyi idman direktorundan imtinası onların qərarıdır. Onların qərarına hörmətlə yanaşırıq. Onsuzda həmin idman direktorunun xərclərini AFFA ödəyirdi.
- UEFA və FİFA-nın prezident seçkiləri keçiriləcək. FİFA prezidentliyinə 4 namizəd var. Bu barədə nə düşünürsünüz?
- FİFA-nın prezidentliyinə 4 namizəd var - keçmiş futbolçu Luiş Fiqu, İordaniya şahzadəsi Əli Bin Əl Hüseyn, Hollandiya Futbol Federasiyasının prezidenti Maykl Van Praq və hazırki prezident Yozep Blatter. Biz 4 namizədlə də görüş keçirəcəyik. Çünki kimin nə islahatlar aparmaq istədiyini, hansı yeniliklər tətbiq edəcəyini bilmək istəyirik. Biz UEFA-nın üzvüyük. Bu gün FİFA-da Avropa tərəfindən təmsil olunuruq. İlk növbədə UEFA-nın, yəni Avropa futbol ailəsinin fikrini öyrənməliyik. Ondan sonra bir fikirlə mayda keçiriləcək seçkilərdə səs verəcəyik. Öncəki illərdə Blatteri dəstəkləmişik. Bu il isə hələ ki, bilmirik.
- Məlumata görə, Malta ilə oyunöncəsi Kamerun yığması ilə yoldaşlıq görüşü təklif olunub, ancaq baş tutmayıb…
- Bəli, Kamerun yığması ilə Bakı şəhərində yoldaşlıq oyunu təklif olunmuşdu. Onlar Malta ilə oyundan ya 2 gün öncə, ya da 2 gün sonra görüş keçirməyi təklif etmişdilər. Bu, Malta ilə oyundan sonra mümkün deyil. Bizdə dərhal ölkə çempionatı başlayır. Bu səbəbdən Premyer Liqanın oyunlarına mane olmaq istəmədik. Oyundan əvvəl də düzgün olmazdı. Çünki komanda rəsmi matça hazırlaşır və daha əhəmiyyətli oyuna çıxacaq ki, bu da ilin ilk rəsmi qarşılaşmasıdır. Müraciət gələndə ilk mərhələdən mənfi cavablandırdıq. Maliyyə şərtləri danışılmayıb. Təbii ki, belə hallarda Kamerun yığmasının Bakıda qalmasının xərcləri bizə aid olacaqdı. Kamerun yığması Türkiyədə təlim-məşq toplanışında olmalı idi və ora yaxın bir ölkə ilə yoldaşlıq oyunu keçirmək istəyirdi.
- Milli komanda Robert Prosineçkinin rəhbərliyi altında ilk beynəlxalq yoldaşlıq oyununu nə zaman keçirəcək və rəqiblər məlumdurmu?
- Beynəlxalq yoldaşlıq oyunu Norveçlə AVRO-2016-nın seçmə qrup matçından öncə 7-8 iyunda planlaşdırılır. Bu məqsədlə 3 ölkə ilə danışıqlar aparılır. Mümkün rəqiblərdən biri Şotlandiyadır. Sadəcə, Şotlandiyanın teleyayım şərtləri çox ağırdır. Bir az çətin olacaq. Səfər oyunu olacağından, bizim telekanallar həmin qarşılaşmanın yayım hüququnu almalıdırlar. Həmin vaxt I Avropa Oyunları ərəfəsinə təsadüf edir. Stadionlarımız da bu Oyunlarda istifadə olunacaq. Rəsmi oyun səfərdədirsə, yoldaşlıq oyununu da orada keçirmək daha məqsədəuyğundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB