AFFA "Metallurq" (Zaporojye) klubunun futbolçusu Pavel Paşayevin Azərbaycan milli komandasında çıxış etməsi üçün danışıqlara başlayıb. Bu barədə SİA-ya AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib. O bildirib ki, məsələ ilə bağlı artıq Ukrayna Futbol Federasiyasına müraciət edilib. E. Məmmədov futbolçunun milli komandamızda çıxışı ilə bağlı sabah FİFA-ya müraciət edəcəklərini qeyd edib: "Pavel Paşayevin atası azərbaycanlıdır, Bakı şəhərində doğulub. Bunu təsdiqləyən pasport əlimizdədir. Biz bütün sənədləri yığaraq, FİFA-ya müraciət edəcəyik ki, onun federasiyasının dəyişməsinə, Azərbaycan yığmasında oynaması məsələsinə baxılsın. FİFA-nın futbolçuların statusu ilə bağlı Əsasnaməsinin 8-ci bəndinə əsasən, futbolçu aşağı yaş qrupları üzrə yığmaların heyətində rəsmi matçlarda çıxış edibsə, onun başqa ölkənin əsas millisində oynayıb-oynamamasına FİFA qərar verir. Çox güman ki, sabah FİFA-ya müraciət edəcəyik. Növbəti 2 həftə ərzində ali futbol qurumu qərar qəbul edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB