I Avropa Oyunlarında uşaqlar üçün biletlər pulsuz olacaq

I Avropa Oyunlarında uşaqlar üçün biletlər pulsuz olacaq

Bu gün Bakı 2015 Avropa Oyunlarına 100 gün qalması münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq, Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq Əlaqələr şöbəsinin direktoru Könül Nurullayeva, olimpiya çempionları, I Avropa Oyunlarının ulduz elçiləri və digərləri iştirak ediblər. Tədbirdə Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

I Avropa Oyunlarının biletlərinin qiymətləri açıqlanıb və medallar ictimaiyyətə təqdim olunub.

Çıxış edən Saymon Kleq və Könül Nurullayeva Bakı 2015 Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən, Oyunların həm ölkəmiz, həm də Avropa üçün tarixi hadisə olduğundan danışıblar.

Tədbirdə qeyd olunub ki, Avropa Oyunlarında uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr üçün əksər yarışlara biletlər pulsuz, böyüklər üçün isə münasib qiymətə satılacaq. Böyüklər üçün biletlərin qiymət aralığı yarışın raundu (ilk və ya final), oturacaq kateqoriyası və yarış məkanından asılı olaraq 2-5 manat təşkil edəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan böyüklərin (18 yaş və ondan yuxarı) himayəsində etibarlı biletləri olan uşaqlar və yaşları 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər. Lakin Heydər Əliyev adına İdman Arenasında və Milli Gimnastika Arenasında keçiriləcək yarışlar istisna təşkil edəcək. Burada 16 yaşdan kiçik şəxslər üçün biletlər 1 manat olacaq.

Açılış və bağlanış mərasimlərinin bütün yaş qruplarından olan tamaşaçılar üçün bilet qiymətləri fərqli və əlverişli olacaq. Açılış mərasimi üçün biletin qiyməti 20 manatdan, bağlanış mərasimi üçün isə 10 manatdan başlayır.

Məlumat verilib ki, qızıl, gümüş və bürünc medallar üzərində dekorativ "Bakı 2015" brendinə uyğun hazırlanmış unikal təsvirlər əks olunub.

Mərkəzində "Bakı 2015" loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitələrinin emblemini və mətn simvolunu əks etdirir.

Medalların tərtibatı Soçi 2014 Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Çəkisi 380 qram olan medallar "Azərsuvenir" şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

Daha sonra tanınmış idmançılarımız (Olimpiya və Paralimpiya çempionları) medalları təqdim ediblər.

Sonda könüllülərin iştirakı ilə Bakı 2015 Avropa Oyunlarına 100 gün qalmasını əks etdirən videoçarx nümayiş olunub və tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə