Bu gün Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən konfransda Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi, Avropa Gimnastika İttifaqının (AGİ) vitse-prezidenti Fərid Qayıbov, AGİ-nin prezidenti Jorj Gelzek, "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs O.Kallahan və digərləri iştirak edib.
AGF-nin baş katibi F. Qayıbov çıxış edərək qonaqları və jurnalistləri salamlayıb. O, çempionatda 22 ölkədən idmançıların iştirak edəcəyini qeyd edib. Yarışların Milli Gimnastika Arenasında təşkil olunacağını deyən AGF-nin baş katibi ölkəmizdə gimnastikanın 6 növünün də inkişaf etdiyini, onlardan 4-nün olimpiya, 2-nin isə qeyri-olimpiya növü olduqlarını bildirib. O, I Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə də yarışlar keçiriləcəyini deyib.
F. Qayıbov ölkəmizdə bütün idman növləri ilə yanaşı, gimnastikaya da böyük diqqət və qayğı göstərildiyini, idmançılarımız üçün hər cür şərait yaradıldığını, I Avropa Oyunları və daha sonrakı Olimpiya Oyunlarına lisenziya xarakterli dünya və Avropa çempionatlarında yüksək nəticələr qazanacaqlarına inandığını qeyd edib.
AGİ-nin prezidenti Jorj Gelzek Avropa Oyunlarının gimnastika növləri üzrə püşkatmasının hesabatı ilə çıxış edib. O bildirib ki, yarışlar beynəlxalq qaydalara uyğun olaraq keçiriləcək. Yenilik barədə danışan J. Gelzek diqqətə çatdırıb ki, çempionatda bədii gimnastika ilə akrobatika növləri üzrə idmançıların qarışıq çıxışları böyük marağa səbəb olacaq.
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs O.Kallahan isə qitənin ən yaxşı idmançılarının iştirakı ilə Bakıda keçiriləcək I Avropa Oyunlarının möhtəşəm idman bayramı olacağını deyib: "Biz Azərbaycanın və bütün Avropanın qürur duyacağı yarışlar keçirməyə çalışırıq. I Avropa Oyunlarında gimnastika üzrə 27 kişi və 26 qadın gimnastının iştirakı gözlənilir".
AGİ-nin kişi idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti Yakob Vişnia, AGİ-nin qadın idman gimnastikası üzrə Texniki Komitəsinin prezidenti İvett Brazye, AGİ-nin bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder, AGİ-nin batut idman növü üzrə Texniki Komitəsinin prezidenti Vladimir Zeman, AGİ-nin akrobatika üzrə Texniki Komitəsinin prezidenti Karin Şarlye və AGİ-nin aerobika üzrə Texniki Komitəsinin prezidenti Mariya Kristina Kazentini təmsil etdikləri növlər üzrə keçirilmiş püşaktma barədə məlumat veriblər.
Azərbaycan Gimnastika Federasiyasının yeni loqosu və yenilənmiş saytı fotoslayd vasitəsilə ictimaiyyətə təqdim olunub. Məlumat verilib ki, yeni loqo Xəzər dənizini, gözəlliyi, Bakının arxitekturasını və incəliyi tərənnüm edir.
Sonda Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş olunub.
Qeyd edək ki, azarkeşlər martın 4-6-da keçiriləcək test-turniri xarakteri daşıyan gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına biletləri Milli Gimnastika Arenasından pulsuz əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB