Azad Rəhimov: "İlk Avropa Oyunlarına ev sahibliyi etmək xalqımıza mənfəət gətirəcək"
"Avropa Olimpiya Komitəsinin (AOK) 2012-ci ilin dekabrında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərarından irəli gələn öhdəliklər barədə bütün Azərbaycan xalqının da məlumatlı olmasını istəyirəm. Bu öhdəliklərdə Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov deyib.
Onun sözlərinə görə, bundan əvvəl keçirilən London, Soçi və digər Olimpiya Oyunlarında da belə öhdəliklər mövcud olub: "Bu təcrübə beynəlxalq idman aləmində geniş yayılıb və hər hansı istisna halı kimi qəbul edilməməlidir. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi xalqımıza mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək. Oyunları izləyən beynəlxalq tamaşaçı auditoriyası sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək.
Bildirmək istərdim ki, Oyunlar üçün ayrılmış və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB