Elxan Məmmədov: "AFFA "Rəvan"la bağlı araşdırmalara başlayıb" MÜSAHİBƏ

Elxan Məmmədov: "AFFA "Rəvan"la bağlı araşdırmalara başlayıb" MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın Antalyada "Şaxtyor"la yoldaşlıq oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. SİA baş katibin müsahibəsini təqdim edir:

- Əvvəlcə oyun haqda fikirlərinizi öyrənək...

- Prosineçkinin ilk toplanışıdır. Bir neçə milli komanda ilə danışıq aparırdıq. Robert özü də tələb edirdi ki, güclü rəqib olsun. Sonda "Şaxtyor"la razılaşdıq və bu oyunu təşkil etdik. Şadam ki, belə bir rəqiblə qüvvəmizi sınadıq. Bildiyiniz kimi, "Şaxtyor" Çempionlar Liqasında mübarizə aparır və bu cür rəqiblə oynamaq bizim üçün böyük bir təcrübədir. Ümumi şəkildə onu deyə bilərəm ki, yaxşı oyun oldu.

- Milli komandamızın oyununda yenilik gördünüzmü? Dəyişiklik varmı?

- Bəli, sistemdə deyəsən dəyişiklik var. Baş məşqçi 4-1-4-1 taktiki sisteminə keçib. Bu, tamamilə fərqli sistemdir. Yəqin ki, Prosineçki hücum futboluna üstünlük verəcək. İlk hissədə komandamız hücum futbolu oynadı.

- Manatın ucuzlaşması AFFA-nın büdcəsinə təsir edəcəkmi?

- Bildiyiniz kimi, martın 6-da AFFA-nın növbəti konfransı keçiriləcək. Orada ilin hesabatını verəcəyik. Hesabatı manatla təqdim edəcəyik. Gələcək büdcəni də müzakirə edəcəyik. Ümid edək ki, manatın ucuzlaşmasının bizə təsiri olmayacaq.

- Növbəti il üçün büdcənin artırılması ilə bağlı fikriniz varmı?

- Son 4 ildəki maliyyə hesabımıza baxsaq, görərik ki, artıq stabillik var. Ən böyük büdcəmiz infrastruktura yatırım qoyanda olub. Artıq bu yatırımlar bitib. Hazırda millinin təlim-məşq bazası inşa olunur. Bununla da böyük infrastruktur yatırımı bitəcək. Lakin bölgələrdə və Bakıda məşq meydançalarına ehtiyacımız var. İstərdim ki, belə məşq meydançaları xüsusilə Gəncədə olsun.

- "Əlincə" klubunun stadionu, demək olar ki, istifadəsiz idi. Fikriniz varmı ki, gələcəkdə də bu stadionda oyunlar təşkil olunsun?

- Bildiyiniz kimi, klubun rəhbərliyi stadionun inşasını bu yaxınlarda tamamladı. U-17 Rusiya ilə oyunu məhz bu stadionda keçirdi. Bu, bir motivasiyadır. I Divizion hakimləri təlim-məşq toplanışlarını məhz bu stadionda keçirdilər. Burdan az da olsa, "Əlincə" klubu gəlir əldə edir. Gözəl stadiondur. Bu stadiondan maksimum istifadə etməliyik. "Əlincə" klubu özü də çalışır ki, stadiondan maksimum yararlansın.

- Çempionatda komandaların sayının artırılması məsələsi realdırmı?

- Məncə, bu, real deyil. Bu məsələ iş adamlarından asılıdır. AFFA-ya çoxlu suallar gəlir. Klublarımızın sayının 12-14 olmasını istəyirlər. Təbii ki, biz də 14, hətta 16 komanda ilə çempionatın keçirilməsini istərdik. Ancaq bizə yaxşı mübarizəli çempionat lazımdır, danışılmış oyunlar lazım deyil. Son 10 ildə autsayder komandalar haqda şübhələr var idi. O dövrdə AFFA-da işləmirdim, bir azarkeş kimi baxırdım və fikirləşirdim ki, sonuncu yerdə gedən komandalar nədən ötrüdür? Onsuz da, onlardan oyun alqı-satqısında şübhələnirlər. AFFA-da işləyəndən sonra gördüm ki, həqiqətən, bu problem var. Son pillələrdə olan komandalar danışılmış oyunlara meyilli ola bilərlər. 10 komanda qaldıqdan sonra isə bununla bağlı heç bir şübhə yoxdur. Ən böyük şübhəmiz "Simurq" və "İnter" arasında keçirilən oyunlaradır. Amma son dövrlərdə keçirilən oyunlarda daha çox heç-heçə qeydə alınır. "Turan" - "Neftçi" oyununu yadınıza salın. Mən bu qarşılaşmaya "faciəvi oyun" adını vermişdim. Heç birimizə belə oyunlar lazım deyil. Hesab edirəm ki, 12 komandanın çempionatımızda mübarizə aparması real deyil. Bu gün Peşəkar Futbol Liqasının rəhbərliyi çətin vəziyyətdədir. Ramin müəllimlə bu barədə müzakirələr aparırıq. Çempionatda 9 komandanın qalmağı mənfi haldır. Hətta 8 komanda qala bilərdi, ancaq AFFA rəhbərliyi bu işə qarışdı və müsbət təsiri oldu. Əminliklə deyə bilərəm ki, "Bakı" futbolçuları mövsümün sonuna qədər maaşlarını alacaqlar və oyunlara çıxacaqlar. Biz onlara söz vermişik. Real danışmaq lazımdır. Gəlin görək, I Diviziondan güclülər dəstəsinə kim çıxacaq? "Rəvan"mı? "Rəvan" bir uşaq komandasını saxlaya bilmir. Sizə bir sirr açım. Klublarda futbol akademiyası layihəsinin işini "Rəvan"da davam etdirdik. Bunu onlara stimul olması üçün etdik. Ora idman direktoru verdik. Bütün yerli məşqçilərin maaşını ödəyirik, avadanlıqla təmin edirik. Amma bugünlərdə "Bakcell U-14 Elit Kuboku"nun oyunu zamanı "Rəvan" komandasını köhnə geyimdə gördük. Halbuki geyimləri onlar üçün AFFA təzə vəziyyətdə alıb, pulunu da köçürüb. İndi şübhə yaranıb ki, həmin vəsaitlə böyüklərdən ibarət komandanı geyindiriblər. AFFA bu məsələyə görə "Rəvan"la bağlı araşdırmalara başlayıb. Araşdırmaların nəticəsi martda bəlli olacaq. Nəticə müsbət olsa, AFFA bu layihəni "Rəvan"da dayandıracaq, həmin klubdakı idman direktorunu başqa kluba keçirəcək.

- Belə çıxır ki, bəzi hallarda vəsaitdən düzgün istifadə edilmir?

- Bəli. Ola bilsin ki, "Rəvan" klubunun rəhbərliyi bu haqda məlumatlı deyil. Ona görə də biz artıq rəsmi olaraq, ötən həftə birbaşa rəhbərliyə müraciət etmişik. Bəlkə oradakı bəzi insanlar işə məsuliyyətsiz yanaşırlar.

Yüksək dəstədə oynamağa real namizəd "Rəvan" ola bilərdi. Ancaq bu klubun da borclar, lisenziya məsələsi ilə bağlı problemi var. Başqa hansı klub gələ bilər?

- Deməli, növbəti mövsümdə də çempionatda 9 komanda iştirak edəcək?
- Yox, 10 komanda gözlənilir. Ancaq sonuncu komandanın hansı olacağını mən də bilmirəm. Bununla bağlı, sizə eksklüziv məlumat verim. Biz artıq müzakirələrə başlamışıq, sığorta fondu yaratmaq istəyirik. Hazırda hər bir klub çempionatda iştirak etmək üçün banklardan zəmanət kartı alıb, AFFA-ya təqdim edir. Biz də hazırda zəmanət məktubunun əvəzinə sığorta fondunu təklif edirik. Zəmanət məktubunda 300 min və ya 500 min manat büdcə olmalıdır. Biz istəyirik ki, sığorta fondu vasitəsilə bu məbləğ bir depozit hesabına köçürülsün. 10 klubun ümumi büdcəsi 3 milyon manat edir. Hansısa klubun vəziyyəti pis olsa, artıq Klublar Komitəsi icazə verəcək ki, bu məbləğdən həmin klub istifadə etsin. Bununla da, həmin klub mövsümün sonuna qədər fəaliyyətini davam etdirəcək. Biz öz futbolumuzu sığortalamalıyıq. Təsəvvür edin ki, qeyd etdiyim sığorta fondu olsaydı, "Araz-Naxçıvan" çempionatı tərk edəndə biz həmin məbləği I Divizionun hansısa klubuna verərdik və o komanda çempionatda mübarizə aparardı.

- Klublar Komitəsinin PFL-ə alternativ qurum kimi yaradıldığını deyirlər. Siz də qeyd etdiniz ki, PFL çətin vəziyyətdədir. Həqiqətənmi, Klublar Komitəsi PFL-ə alternativdir?

- Hansısa klubun fəaliyyətini dayandırmasında PFL-in heç bir günahı yoxdur. Bu, Ramin Musayevin problemi deyil. Hansısa klub çempionatı tərk edirsə və ya maliyyə problemi ilə üzləşirsə, buna PFL nə etsin? Gəlin, bu məsələyə ilk növbədə hüquqi tərəfdən yanaşaq. PFL-in statusu, nizamnaməsi var və buna uyğun olaraq, fəaliyyət göstərir. Klublar Komitəsi isə AFFA-nn nəzdində yaradılan komitədir. Heç bir qeydiyyatdan keçməyib. Yəni ayrıca bir qurum deyil. Onların işi, sadəcə tövsiyə xarakterlidir. Fikrimiz var ki, növbəti ildə Media Komitəsi yaradaq. Bu kimi komitələr çox olmalıdır ki, çempionatımızın təbliğatını, reklamını düzgün aparaq. Klublar Komitəsi yüz təklif irəli sürə bilər, ondan onunu İcraiyyə Komitəsi qəbul edə bilər. Bu yaxınlarda 21 və 23 yaşlı futbolçuların maaş məsələsi müzakirə olundu. Təxminən 2 saatdan ibarət 2 iclas keçirildi. Biz İcraiyyə Komitəsinin yeni qərarını mediaya da təklif etdik ki, görsünlər hər şey şəffaf keçirilir. Media da bütün bunlara öz fikrini bildirməlidir. Klublar Komitəsində işləyən heç bir insan AFFA-dan maaş almır. Sadəcə, onlar ayda 1 dəfə yığışıb, müəyyən müzakirələr aparıb, təkliflər verirlər. Buna görə biz onlara öz minnətdarlığımızı bildiririk. Klublar Komitəsi AFFA və PFL-ə ancaq yardım edir. Rövnəq Abdullayev təklif edəndə ki, belə bir qurum olsun, biz buna komitə adı verdik.

Bütün xəbərlər Facebook səhifəmizdə