Robert Prosineçki: "Komandadan razı qaldım" MÜSAHİBƏ

Robert Prosineçki: "Komandadan razı qaldım" MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Şaxtyor"la (Donetsk) yoldaşlıq oyunundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. SİA baş məşqçinin müsahibəsini təqdim edir:

- Azərbaycan millisinin baş məşqçisi postunda ilk oyununuzdan məğlub ayrıldınız. Əvvəlcə matçla bağlı fikirlərinizi bilmək istərdik...

- Bugünkü rəqibimiz Avropada ən güclü komandalardan biridir. İlk yarıda çox yaxşı oynadıq. Görmək istədiklərimi oyunda canlı olaraq gördüm. Bu matç test xarakterli idi. Qarşılaşma oyunçuların nəyə qadir olduqlarını müəyyənləşdirmək üçün çox əhəmiyyətli oldu. Oyundan razı qaldım. Cəmi 3 gün birgə olmuşuq, vaxt azdır. Komandanın daha yaxşı oynaması üçün bir çox şeylərin üzərində işləməliyik. Demişəm ki, azərbaycanlı futbolçuların keyfiyyəti var. Özləri də buna inanmalıdılar. Mənə elə gəlir ki, birinci hissədə bunu sübut elədik.

- Oyunçulardan xüsusilə kimləri fərqləndirə bilərsiniz?

- Bu gün bütün komandadan razı qaldım. Mübarizə aparır, top saxlayır, paslaşırdıq. Bəli, ikinci hissədə rəqibə topla daha çox oynamağa imkan verdik. Amma yenə deyirəm, bütün komandadan razı qalmışam. Bu, ümid verir ki, gələcəkdə daha yaxşı oyun göstərək.

- Millinin formasını ilk dəfə geyinən futbolçuların çıxışı barədə nə deyə bilərsiniz?

- Nəzərə almalıyıq ki, futbolçuların bir neçəsi ilk dəfə millidə oynayırdı və rəqibimiz çox güclü "Şaxtyor" komandası idi. Yeni oyunçulardan razı qalmışam. Anton Krivotçuk gələcək üçün çalışır. Bu oyunçu öz üzərində işləməlidir. Onu çox iş gözləyir. Bir neçə ildən sonra sol cinah müdafiəçisi mövqeyində bizdə problem olmayacaq. Həm gənclərdən, həm də ümumi komandadan razıyam.

- Bu oyundan sonra Ruslan Abışovu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaq barədə düşünəcəksinizmi?

- Niyə həmişə Ruslanla bağlı soruşursunuz? Bu gün həmin mövqedə oynayan futbolçular - Qara Qarayev və onların önündə çıxış edən Cavid Hüseynovla Rahid Əmirquliyev birinci hissədə əla oyun nümayiş etdirdilər.

- Abışovun uzun ötürmə vermək bacarığı var. Oyun qurmaq mənasında faydalı ola bilər...

- Birinci hissədə rəqibə çox şans vermədik. Vurulan qol cərimə zərbəsindən sonra baş verdi. Canlı səddən qayıdan topu "Şaxtyor"un futbolçusu təkrar zərbə ilə qapımızdan keçirdi. Yəni, hansısa oyun epizodundan top buraxmadıq. Buna görə birinci hissədə komandadan tam razı qalmışam. Düzdür, uzun ötürmələrlə çox oynamadıq. Amma onsuz da biz birinci hissədə gözəl futbol nümayiş etdirdik.

Bütün xəbərlər Facebook səhifəmizdə