Qara Qarayev: "Prosineçkini Foqtsla müqayisə etmək istəməzdim" MÜSAHİBƏ

Qara Qarayev: "Prosineçkini Foqtsla müqayisə etmək istəməzdim" MÜSAHİBƏ

Azərbaycan milli komandasının və "Qarabağ"ın futbolçusu Qara Qarayev yığmanın Antalyada təlim-məşq toplanışı və yeni baş məşqçi haqda müsahibə verib. SİA futbolçunun müsahibəsini təqdim edir:

- Artıq Robert Prosineçkinin rəhbərliyi altında iki məşqə çıxmısınız. Yeni məşqçi ilə hazırlığınız necə gedir?
- Prosineçki ilə işləmək bizim üçün çox xoşdur. O, Millimizə yenilik gətirməyə çalışır. Bu yeniliklər bizim də ürəyimizcədir. Gördüyünüz kimi, məşqlər çox yaxşı keçir. Komandada əhval-ruhiyə əladır. Bu toplanış futbolçuların bir-birini və məşqçini tanıması üçün çox yaxşıdır. Çalışırıq bu hazırlıqdan maksimum xeyir götürək ki, Malta ilə oyunda yaxşı nəticə qazanaq.

- Prosineçki millimizə hansı yeniliyi gətirməyə çalışır? Ümumiyyətlə, nələrin üzərində çox işləyirsiniz?
- Ən çox standart vəziyyətlərdən buraxdığımız qollar haqda bizimlə danışır. Doğrudan da, bu gün zəif cəhətlərimizdən biri budur. Əsasən top saxlamağı və hücum futbolu oynamağı tələb edir. Həqiqətən bu məqamlara diqqət yetirilməli idi. Bütün bunlar bizi sevindirir.

- Prosineçkinin Berti Foqtsdan hansı xüsusiyyətləri fərqlənir?
- Onu Foqtsla müqayisə etmək istəməzdim. Sadəcə bu məşqçinin üstünlüyündən danışmaq istəyirəm. Prosineçki futbolçularla fərdi söhbətlərə çox yer verir. Hər kəslə ayrıca maraqlanır. Kimin nə problemi varsa, onu həll etməyə çalışır.

- Deyəsən, Prosineçki futbolçulara daha çox hücumda oynamağı öyrədir...
- Bəli, məşq zamanı bizdən bunu tələb edirdi. Onun futbol fəlsəfəsini öyrənməyə çalışırıq. Düzdür, buna müəyyən qədər vaxt lazımdır. Ancaq görünən budur ki, tez bir zamanda onun bizdən nə istədiyini tam başa düşəcəyik. Təbii ki, hücumla yanaşı, topa nəzarət etməyimizi, orta xətdə daha inamlı oynamağımızı istəyir.

- Prosineçki futbolçulardan nə dərəcədə razıdır? Məşq zamanı onun tez-tez "bravo" deməsinin şahidi oluruq...
- Baş məşqçinin bizə stimul verməyi təbiidir. Qeyd etdiyim kimi, Prosineçki futbolçularla daha yaxından maraqlanır. Komandanı ruhlandırmağa çalışır. Özünəinam hissini də qaytarmaq lazımdır. Bu yöndə də yeni məşqçimiz lazımi işlər görür. Elə məşq zamanı bizə dəstək olması da buna görədir.

- "Şaxtyor"a qarşı keçirəcəyiniz yoldaşlıq oyunu haqda da fikirlərinizi bilmək istərdik…
- "Şaxtyor"un necə komanda olmağı hamıya məlumdur. Yəni, bu rəqib haqda danışmağa ehtiyac yoxdur. Ukraynanın ən güclü klublarındandır. Onların bir neçə gün əvvəl Çempionlar Liqasında "Bavariya" ilə oyununu izlədik. Çox güclü komanda ilə qüvvəmizi sınayacağıq. Belə səviyyəli rəqiblə qarşılaşmaq çox əhəmiyyətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə