Təbriz Həsənov: "Rəqib istədiyimiz səviyyədə olmadı" AÇIQLAMA

"Rəqib istədiyimiz səviyyədə olmadı. Ona görə deyərdim ki, bu gün yaxşı məşq keçdik". SİA-nın məlumatına görə, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov Antayada təlim-məşq toplanışı çərçivəsində keçirilən İsveçrənin "Benfika" (Sürix, U-17) komandası ilə (9:0) oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, komandasının güclü rəqiblə qarşılaşmasını istədiyini qeyd edib: "Belə görüşdən sonra oynamaq daha çətin olur. Çünki futbolçularda arxayınlıq yaranır. Düşünürlər ki, bütün rəqiblər belədir. Ancaq Belarusiya klubu ilə oyunda çalışacağıq futbolçularımız daha yaxşı oynasınlar. Nə qədər güclü rəqiblə oynasaq, o qədər komandanın müsbət və mənfi cəhətlərini tez biləcəyik. Ona görə baş məşqçi kimi istəyirəm ki, növbəti oyunları daha güclü rəqiblə keçirək.

Bizə demişdilər ki, İsveçrənin "Benfika" akademiyasının bir yaş böyük komandası -U-17 ilə oynayacağıq. Onları güclü rəqib kimi təqdim eləmişdilər. Ona görə razılaşdım. Ancaq oyunda zəif olduqlarını gördük. Rəqibin gücü barədə məlumatım yox idi. Belə zəif komanda olduğunu bilsəydim, razılaşmazdım.

Rəqib baş məşqçi ilə danışmışdıq ki, hansısa futbolçu qızmızı vərəqə alarsa, onu başqası əvəzləsin. Onların futbolçusu qızmızı vərəqə alanda başqası ilə əvəzlədilər. Ancaq bizim oyunçumuz qırmızı vərəqə alanda onun əvəzinə başqa futbolçunun meydana çıxmasını lazım bilmədim. Heç komandamızın azlıqda olduğu da bilinmədi".

T. Həsənov oyunda narazı qaldığı məqamların olduğunu bildirib: "Narazı qaldığım məqamlar oldu. Onları komanda ilə danışacağıq. Burada meydança amili də var. Futbolçular texniki fəndləri istədikləri qədər həyata keçirə bilmədilər. Mənim narazılığım odur ki, futbolçu gərək hər bir meydançada oynamağa hazır olsun. Hər yerdə ideal meydaça olmur. Biz Bakıda süni örküklü meydançada hazırlaşmışdıq. Buradakı təbii örtüklü meydança isə istədiyimiz kimi deyil.

Oyunda futbolçular taktiki hazırlığımıza uyğun bəzi məqamları yerinə yetirdilər, bəzi məqamlar isə alınmadı. Adi qol epizodlarından futbolçular istifadə edə bilmədilər.

Güclü rəqibdən sonra oyunumuzu daha yaxşı təhlil edəcəyik ki, səhvlərimizin üzərində işləyək".

O, "Beşiktaş"dan hazırlıq prosesinə qatılmalı olan futbolçuların toplanışa gəlməyəcəklərini deyib: "Beşiktaş"ın futbolçuları toplanışa qatıla bilmələyəcəklər. Hava şəraiti ilə əlaqədar İstanbuldan gələn təyyarə reysləri təxirə salınıb. Sonradan isə bir günlük gəlmələrinə ehtiyac yoxdur. Biz onlara oyunlarda baxmaq istəyirdik".

Bütün xəbərlər Facebook səhifəmizdə