Yaqub Abdullayev: "Bütün komandaları bir nömrəli rəqib kimi görürük" MÜSAHİBƏ
Sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi, Əməkdar məşqçi Yaqub Abdullayevin SİA-ya müsahibəsi:
- Yaqub müəllim, milli komandamızın I Avropa Oyunlarına hazırlığı barədə məlumat verərdiniz…
- Avropa Oyunlarına hazırlığımız davam edir. Oyunlara daha da yüksək səviyyədə hazırlaşmaq məqsədilə ümumi və fiziki hazırlıq üzrə xüsusi təlim-məşq toplanışları keçirəcəyik. Qarşıdan gələn ilk toplanış fevralın 18-dən martın 8-dək Göygöl Olimpiya İdman Kompleksində təşkil olunacaq. Hazırlıq prosesində 57, 74, 90 və +100 kq çəki dərəcələrində yığma komandanın 1 və 2-ci nömrəli idmançıları, gənclərdən ibarət yığmanın isə 1 nömrəli idmançıları iştirak edəcəklər. Təlim-məşq toplanışı ilə bağlı xüsusi plan hazırlanıb. Hazırlıq zamanı kross qaçışına, ştanqla və rəqiblərlə hərəkətlərə daha çox üstünlük veriləcək. Toplanışda idmançılarımızın həm funksional imkanlarını, həm də fiziki keyfiyyətlərini artıracağıq. Qüvvə, sürət, cəldlik, dözümlülük kimi keyfiyyətləri mükəmməl təkmilləşdirdikdən sonra, Bakıya qayıdaraq texniki-taktiki hazırlıq üzrə məşqlərimizi davam etdirəcəyik.
- Avropa Oyunlarında idmançılarımızın daha çox hansı çəkilərdə medal qazanmağa iddialı olduğunu düşünürsünüz?
- Yığma komandamız üçün həm dövlət, həm də federasiya rəhbərliyi tərəfindən bütün imkanlar yaradılıb. Biz də maksimum şəkildə hazırlıq keçirik ki, Avropa Oyunlarında uğurlu çıxış edək. Bütün çəki dərəcələrində yarışan idmançılarımızın medal qazanacağına ümid edirik. 57 kq çəki dərəcəsində İslam Qasımov və 74 kq çəki dərəcəsində Amil Qasımov ikisi də dünya və Avropa çempionlarıdır. 90 kq çəki dərəcəsində Kənan Qasımov Avropa çempionatının gümüş mükafatçısıdır. +100 kq-da yarışmağa namizəd idmançılarımızın da medal qazana biləcəyini düşünürük. 57 və 74 kq-da mübarizə aparan idmançılarımızın qızıl medal qazanmaq şansları realdır. Onlar hazırlıqları, yarışlarda çıxışları və dünya reytinqində qərarlaşdıqları yerlərlə qızıl medal qazanmağa iddialı olduqlarını göstəriblər.
- Oyunlarda çıxış edəcək yığma komandamızın heyəti tam müəyyənləşib?
- Avropa Oyunlarında iştirak edəcək heyət 80-90 faiz müəyyənləşib. Ancaq çəki dərəcələri üzrə rəqabət olduğundan idmançıların hazırlıq səviyyəsinə bir daha nəzər yetiriləcək. Həm də qarşıdakı yarışlarda, təlim-məşq toplanışlarında hansısa idmançının zədələnməyəcəyinə qarant vermək olmaz. Hazırlıqları tam yekunlaşdırdıqdan sonra may ayında heyəti açıqlayacağıq.
Həm kişilərdən, həm də qadınlardan ibarət yığmamızdan Avropa Oyunlarında 4 samboçu çıxış edəcək. Kişilər 57, 74, 90 və +100 kq, qadınlar isə 52, 60, 64 və 68 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Qadın samboçularımız da beynəlxalq yarışlarda mükafatlar qazanmış idmançılardır. Onların da ümidlərimizi doğruldacaqlarını gözləyirik.
- Hansı hazırlıq xarakterli yarışlarda iştirak etmisiniz və edəcəksiniz?
- 2015-ci ilin yanvar ayının sonunda Qazaxıstanda və Belarusiyada Dünya Kubokunun mərhələ yarışında iştirak etmişik. Qazaxıstanda idmançılarımız 1 gümüş, 1 bürünc, Belarusiyada isə 3 bürünc medal qazanıblar. Martın 26-dan 30-dək Moskvada Anatoli Arkadyeviç Xarlampiyevin xatirəsinə hərs olunmuş Dünya Kubokunun mərhələ yarışında çıxış edəcəyik. Burada milli komandamız əsas heyətlə mübarizə aparacaq. Bundan sonra may ayında Serbiyada keçiriləcək Avropa çempionatına qatılacağıq. Turnirlərdən sonra idmançılarımızın hazırlıq səviyyəsini, zəif və üstün tərəflərini müəyyənləşdirib, mayın 23-dən iyunun 6-dək döşək üzərində texniki-taktiki hazırlıq məşqlərimizi davam etdirəcəyik. Avropa Oyunlarına 7-8 gün qalmış artıq müəyyən bərpaedici məşqlər keçəcəyik və tam heyətlə Oyunlarda çıxış edəcəyik.
- Avropa Oyunlarında rəqiblərinizi necə qiymətləndirirsiniz?
- 2014-cü ilin dünya çempionatının nəticələrinə əsasən deyə bilərəm ki, 81 ölkə arasında Azərbaycan millisi 4-cü yerdədir. Bu yarışda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışıq. Avropa Oyunlarına qatılacaq ölkələri nəzərdə tuturuqsa, Avropa çempionatında ən güclü komandalar Rusiya, Gürcüstan və Azərbaycan yığmalarıdır. Ancaq Avropa Oyunları mötəbər yarış olduğu üçün bütün iştirakçı komandalar çox ciddi və mükəmməl hazırlaşırlar. Oyunlarda iştirak edəcək komandaların hamısında öz ölkələrinin liderləri çıxış edəcək. Biz Avropa Oyunlarında mübarizə aparacaq bütün komandaları bir nömrəli rəqib kimi görürük.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB