“Qəbələ” “Malmö”nun müdafiəçisini aldı

“Qəbələ” “Malmö”nun müdafiəçisini aldı

"Qəbələ" futbol komandası növbəti transferini gerçəkləşdirib. Klubdan bildiriblər ki, "Qəbələ" braziliyalı futbolçu Rikardo Ferreyra da Silvanı heyətinə cəlb edib. Otuz yaşlı Cənubi amerikalı oyunçu ilə 5 aylıq müqavilə imzalanıb.

Rikardinyo kimi tanınan futbolçu Braziliyanın "Koritiba" klubunun yetirməsidir. O, 2003-cü ilədək klubun yeniyetmə və gənclər, 2003-2009-cu illərdə əsas komandasında çıxış edib. Müdafiəçi 2007-ci ildə icarə əsasında "Atletiko"nun (Mineyro) şərəfini qoruyub.

2009-cu ildə legioner karyerası yaşamaq üçün Avropaya üz tutan Rikardinyo İsveçin "Malmö" klubu ilə müqavilə imzalayıb. O, yeni klubunda sol cinah müdafiəçisi kimi çıxış etməyə başlayıb. Anlaşması 2014-cü ilin dekabrında başa çatan braziliyalı həmin müddətədək Skandinaviyada çıxış edib. Cənubi amerikalı ötən ilin oktyabrında İsveç vətəndaşlığı alıb. "Malmö"də çıxış etdiyi dövrdə 3 dəfə ölkə çempionu, 2 dəfə Superkubok qazanan Rikardinyo avrokubok təcrübəsinə də malikdir. Braziliyalı qitə miqyaslı turnirlərdə 26, İsveç klubunda isə 200 oyun keçirib.

"Qəbələ" Rikardinyodan əvvəl Rəşad Sadiqov, ukraynalı Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin və belaruslu Mixail Sivakovu heyətinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə