Dünya Kuboku mərhələsinin mükafatları uğrunda 18 ölkənin idmançıları mübarizə aparacaqlar
Samboçular Minskə toplaşır

BELTA agentliyi xəbər verir ki, fevralın 12-dən 13-dək Minsk İdman Sarayında sambo üzrə Dünya Kubokunun "Belarus Respublikası Prezidentinin mükafatları uğrunda Belarus açıq çempionatı" mərhələsi keçiriləcək. Bu münasibətlə Belarus Milli Olimpiya Komitəsində (MOK) keçirilən mətbuat konfransında bildirilib ki, Minskdə sambo üzrə Dünya Kuboku mərhələsinin mükafatları uğrunda 18 ölkənin idmançıları mübarizə aparacaqlar.

Belarus MOK müşaviri Georgi Katulinin sözlərinə görə, sambo idmanı Olimpiya evinin qapılarını getdikcə israrla döyür. 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında idmanın bu növü 20 ölkədən olan kişi idmançıların dörd çəki dərəcəsində və qadın idmançıların dörd çəki dərəcəsində təmsil olunacaq. Avropa Oyunlarında sambo özünü ən populyar idman növlərindən biri kimi göstərməlidir.

Dünya Kuboku mərhələsində Azərbaycan, Belarus, Bolqarıstan, Almaniya, Gürcüstan, İrlandiya, İtaliya, Qazaxıstan, Latviya, Litva, Meksika, Moldova, Polşa, Rusiya, Rumıniya, Tacikistan, Türkmənistan və Ermənistandan olan ən güclü ustalar iştirak edəcəklər.

İdman sambosu üzrə yarışlar kişilər arasında 9 çəki dərəcəsində və qadınlar arasında 9 çəki dərəcəsində, döyüş sambosu üzrə yarışlar isə 4 çəki dərəcəsində keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə