İdmana neçə yaşdan başlamaq olar? ARAŞDIRMA

İdmana neçə yaşdan başlamaq olar? ARAŞDIRMA

Hər valideyn övladının sağlam olmasını, peşəkar və ya həvəskar səviyyədə idmançı kimi yetişməsini arzulayır. Elə buna görə də bir çox valideynlər övladlarının hər hansı idman növü ilə məşğul olması üçün onları kiçik yaşlarından idman məktəblərinə yazdırırlar. Ancaq bəzi valideynlər azyaşlı uşaqlarının məşğul olacağı idman növünü öz həvəs və istəklərinə görə seçirlər. Bəziləri isə uşaqları çox kiçik yaşlarından idmanla məşğul olmağa məcbur edirlər. Düzdür, bütün bunlar valideynlərin uşaqlarının daha sağlam və idmançı kimi yetişməsi istəyindən irəli gəlir. Ancaq yuxarıda sadaladığımız hallarda valideynlər istəmədən də olsa, azyaşlı uşaqlarda müəyyən problemlər yaranmasına səbəb olurlar. Belə ki, mövzu ilə bağlı araşdırma apararkən mürəciət etdiyimiz peşəkarlar bildirdilər ki, bu kimi hallar uşaqların səhhətində müəyyən problemlər, zədələr və psixoloji pozuntulara yol aça bilər.

Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər Gimnastika məktəbinin həkimi Firəngiz İmanova deyir ki, uşaqların akrobatika, gimnastika, üzgüçülük və bu kimi növlərə 5 yaşından, döyüş növlərinə isə daha yuxarı yaşlarından başlaması düzgündür: "Azyaşlı uşaqlar 5 yaşdan tez idmanla məşğul olsalar, sağlamlıqlarında müəyyən problemlər yarana bilər. Azyaşlı uşaqların sümükləri zəif olduğuna görə, yüklənmələr zamanı həmin sümüklər deformasiyaya uğraya bilər. Əsasən də onurğada əyilmə baş verə bilər. Ona görə akrobatika və gimnastika ilə uşaqlar 5 yaşından məşğul olmalıdırlar.

Azyaşlı uşaqlarla məşq zamanı yüklənmələr təcrübəli məşqçilər tərəfindən ciddi nəzarətdə saxlanılır. Peşəkar məşqçilər uşaqlara uyğun yüklənmələr təyin edirlər.

Valideynlər uşaqlarını hər hansı idman məktəbinə yazdıran zaman tələsməməli, uşağın bədəninin və fiziki durumunun hansı növə daha uyğun olduğunu müəyyənləşdirməlidirlər. Uşaqları məktəbə yazdıran zaman məşqçi-müəllimlər də ilk növbədə onları yoxlayaraq həmin növə uyğun olub-olmadığını müəyyənləşdirirlər. Məsələn, elə uşaq var ki, oynaq və əzələləri möhkəmdir, nə qədər yumşaltmağa çalışsan da alınmır. Ona görə, akrobatika və gimnastika ilə məşğul olmaq istəyən uşaqların oynaqlarının yumşaqlığı və onların bədəninin kiçik test məşqlərinə cavabına nəzər yetirmək lazımdır. Əgər məşqçi uşaqda irəliləyiş hiss etsə, onun bu növdə məşqinə etiraz etmir. Elələri olur ki, bir müddət məşq edir, ancaq nəticə olmur. Bu zaman məşqçilər valideynə məlumat verirlər ki, uşağın bu növdə məşq etməsi düzgün deyil və məşqlər saxlanılır".

Sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yaqub Abdullayev isə uşaqların bu növdə idman bölmələrinə 8-9 yaşdan cəlb olunmağa başladıqlarını bildirir: "Valideynlər uşaqlarını idman məktəbinə gətirəndə ilk növbədə onların bu növə maraq və həvəslərini, motivasiyalarını, gələcək plan və məqsədlərini öyrənirik. Sonra uşaqların fiziki göstəricilərini müəyyənləşdirmək üçün test hərəkətləri yerinə yetirməsini istəyirik. Onların əmi və dayılarının boyları öyrənilir, uşağın zahiri görünüşünün, fiziki durumunun bu növə uyğun olub-olmadığına baxılır. Bu kimi göstəricilərlə həmin uşağın məşqlərə qatılıb-qatılmaması müəyyənləşdirilir.

9-10 yaşda uşaqlar ibtidai hazırlıq qrupunda məşq edirlər. Bundan əlavə, təlim-məşq, idman təkmilləşməsi və yüksək idman ustalığı qrupu mövcuddur.

Məsləhətdir ki, 5-6 yaşdakı uşaqları akrobatika və üzgüçülük kimi növlərə cəlb etsinlər. Bu növlər uşaqların həmin yaşda inkişaf mərhələlərinə uyğundur. Güləş idman növləri ilə məşğul olacaq uşaqların öncədən akrobatika üzrə hazırlıq keçməsi əsas şərtlərdən biridir. Həmin uşaqlar çevik və cəld olurlar. Üzgüçülük və akrobatika ilə məşğul olmuş uşaq 9-10 yaşında digər növlərə hazır, formalaşmış şəkildə gəlir".

Psixoloq Təhminə Çələbi idman növlərinin düzgün seçimi üçün valideynlərin uşaqlarının fərdi xüsusiyyətlərini yaxşı bilməli olduqlarını deyir: "Üç yaşdan sonra uşağın özünəməxsus xüsusiyyətlərini, hiperaktiv olub-olmadığını bilmək olar. Valideyn uşağın təbiətini öyrənməlidir. Məsələn, sakit təbiətli, yaradıcılığa həvəsi olan uşaq aqressiv sayılan döyüş idman növləri üzrə məşqə qoyularsa, o, həyatda öz yerini tapmayacaq və aqressiya yaranacaq. Əksinə hiperaktiv, daim hərəkətdə olan, bir yerdə dayanmayan uşaqları daha hərəkətli idman növlərinə qoymaq lazımdır ki, enerjisini sərf edə bilsin. Sakit təbiətli uşaqları isə üzgüçülük, gimnastika, şahmat kimi növlərə yazdırmaq olar. Üzgüçülük və gimnastika növlərində bədənin bütün əzələləri açılır, qan dövranı yaxşılaşır və gələcəkdə bədənin formalaşmasına, boya müsbət təsir göstərir. Bu növlər uşağın bədənini digər növlər üçün də hazırlayır.

Valideynlər uşaqlara təzyiq göstərməməlidirlər. Onlar uşağın hansı idman növünə marağı olduğunu öyrənməlidirlər. Hansısa idman növündə uşaqlar uğurlu olsalar da, tənbəllik yarana, müəyyən hərəkətlər və ya məşqçi-müəllimin tapşırdığı təmrinlər onları bezdirə bilər. Bu zaman uşağa təzyiq göstərmək və məcbur etmək olmaz. İdman psixologiyası ilə onlarla söhbətlər aparmaq lazımdır".

Mütəxəssislərin də fikirlərindən bəlli olur ki, uşaqların idmanla məşğul olması üçün yaş, fiziki göstərici, həvəs, düzgün növ seçimi kimi amillər mütləq nəzərə alınmalıdır. Əks təqdirdə uşaqların gələcəyi üçün təhlükəli problemlər yarana bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə