Mini-futbol üzrə turnirin mükafatlandırma mərasimi keçirilib

Mini-futbol üzrə turnirin mükafatlandırma mərasimi keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin konfrans zalında Səbail rayonu 91 saylı orta məktəbin şagirdləri arasında keçirilən Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnirin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idarənin məsul işçiləri və komandalar iştirak ediblər.

Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mübariz İbrahimova həsr olunmuş film nümayiş olunub.

Yarışın baş hakimi, 91 saylı orta məktəbin fiziki tərbiyə müəllimi Zəfər Məmmədzadə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş mini-futbol turniri haqqında geniş məlumat verib.

Sonra Baş İdarənin rəisi Raqif Abbasov futbolun inkişafında uşaqlar arasında keçirilən mini-futbol turnirinin böyük rol oynadığını bildirib. O, ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın əhəmiyyətindən danışıb.

R. Abbasov gənc futbolçulara təhsildə və idmanda uğurlar arzulayararaq, onlara Mübariz İbrahimovdan, onun qəhrəmanlığından, Vətənə məhəbbətindən nümunə götürmələrini tövsiyyə edib.

Tədbirin sonunda qalib komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, diplom və hədiyyələrlə

təltif olunublar.

Qeyd edək ki, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş turnir 31 yanvar - 8 fevral tarixində keçirilib. Turnirdə 8 komanda iştirak edib, hər komandanın tərkibi 10 nəfərdən ibarət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə