"WSB liqasında peşəkar boksçulara da şans verməyi düşünürlər"

"WSB liqasında peşəkar boksçulara da şans verməyi düşünürlər"

"Baku Fires" - "Rafako Hussars Poland" görüşündən sonra komandamızın baş meneceri Rizvan Gənciyev jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, o, bu günlərdə İsveçrənin Lozanna şəhərində keçirilən AİBA kommisiyalarının iclası haqda məlumat verib: "Toplantıda bir sıra məsələlər müzakirə olundu. Beynəlxaq Federerasiya istəyir ki, 2017-ci ildən WSB-ni kommersiya yönümlü turnirə çevirsin. Düzdür, bu, hələ sadəcə müzakirə olunurdu. Onlar liqada peşəkar boksçulara da şans verməyi düşünürlər. Bu, yəqin ki, WBO, İBF kimi təşkilatlarla rəqabət aparmaq üçündür. Onlar bütün franşizlərin (WSB klublarının) fikirlərini öyrəndilər. Bunun əsasında gələcəkdə müəyyən qərarlar qəbul olunacaq. AİBA istəmir ki, boksçular peşəkar promotorların yanına getsinlər. Bu səbəbdən bu cür addımlar atırlar. APB də olduğu kimi qalacaq. WSB-də bir qadın boksçunun da yarışmasını istəyirlər. Bunun hansı çəkidə olacağı hələ ki, müzakirə olunur. Yəqin ki, 2017-ci ildə reallaşacaq. Bundan başqa, AİBA-nın hər komissiyası il ərzində gördüyü işlərlə bağlı hesabat verdi".

R. Gənciyevin sözlərinə görə, iclasda WSB liqsından Olimpiadaya vəsiqə qazanan boksçuların Avropa Oyunlarında iştirak edə bilməyəcəyi ilə bağlı da qərar qəbul edilib. O bildirib ki, Ümumdünya Boks Seriyasının növbəti mövsümü lisenziya xarakteri daşımayacaq. Amma 2016-cı ildə APB və WSB boksçuları arasında lisenziya uğrunda görüşlərin keçirilməsi nəzərdə tutulur. Burada qalan 26 lisenziyanın da sahibi müəyyənləşəcək: "Bundan başqa, boksçuların Olimpiya oyunlarında dəbilqəsiz döyüşüb-döyüşməyəcəyi də müzakirə olunacaq. AİBA belə bir təklif göndərib. Amma buna Beynəlxalq Olimpiya Komitəsi baxıb, yekun qərar verməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə