“Onlar “Qarabağ” klubunun adından qorxdular” AÇIQLAMA

“UEFA çexiyalı hakimi cəzalandırmalı idi”
“Onlar “Qarabağ” klubunun adından qorxdular” AÇIQLAMA

"Bildiyiniz kimi, Avropa Liqasının qrup mərhələsində "İnter"lə oyunda"Qarabağ" klubu son dəqiqədə qol vurduqdan sonra çexiyalı hakim həmin vurulan qolu saymadı. Amma hər hansı bir mütəxəssis oyunda vurulan həmin qola baxdığı zaman elə hesab edirdi ki, bu əsl qoldu". Bunu SİA-ya AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Avropa Liqasında belə şeylər çox baş verir: "Buna baxmayaraq "Qarabağ" çexiyalı hakimin haqsız hərəkəti ilə bağlı UEFA-ya müraciət etdi ki, bu məsələyə ədalətli şəkildə baxıb rəy çıxarsınlar. Ya oyun yenidən keçirilməli, ya da hakim hansısa məsuliyyətə cəlb olunmalı idi. Amma UEFA bu məsələyə baxdı və "Qarabağ" klubunun müracətini əsassız saydı. Axı necə ola bilər ki, klubumuzun bu şikayəti əsassız sayılır? Əgər bu haqsızlıq baş verirsə onda daxili çempionatdan, liqalardan nə gözləmək olar? Hesab edirəm ki, hər şeydə, o cümlədən də idmanda ədalətli olmaq lazımdır. Bu haqsızlıq onu göstərir ki, Azərbaycana qarşı artıq idmanda da ikili siyasət aparılır. Mən klublarımıza və məşqçilərimizə müraciət edərək deyirəm ki, öz gücümüz, hazırlığımız və ustalığımızla oyunda çıxıb udmaq lazımdır. Hesab edirəm ki, o çex hakimi çox ədalətsiz hakim idi. Əgər o qərəzli olmasa idi, "Qarabağ" yeni mərhələyə keçəcəkdi. Onlar sadəcə "Qarabağ" klubunun adından qorxdular. Bu mənada da onlar öz sifətlərini və pis niyyətlərini göstərdilər. UEFA çexiyalı hakimi cəzalandırmalı idi".

Bütün xəbərlər Facebook səhifəmizdə