"Şübhəmiz yoxdur ki, Azərbaycan I Avropa Oyunlarını möhtəşəm şəkildə təşkil edəcək"

"Şübhəmiz yoxdur ki, Azərbaycan I Avropa Oyunlarını möhtəşəm şəkildə təşkil edəcək"

Avropa Olimpiya Komitəsinin (AOK) Koordinasiya Komissiyasının Bakı 2015 Avropa Oyunları ilə bağlı əldə edilmiş irəliləyişləri müşahidə etmək məqsədilə Azərbaycana yekun səfəri sona çatıb. SİA-nın məlumatına görə, səfərin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralos, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq iştirak edib.

Tədbirdə ilk olaraq Bakı 2015 Avropa Oyunlarının yeni tanıtım videosu nümayiş etdirilib.

AOK prezidenti Patrik Hikki Bakıda qonaqpərvərliklə qarşılandıqları üçün Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinə minnətdarlığını bildirib. O, Azərbaycanda I Avropa Oyunlarına çox böyük önəm verildiyini və Oyunlara yüksək səviyyədə hazırlıq getdiyinin şahidi olduqlarını qeyd edib: "Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə I Avropa Oyunlarına böyük önəm verdiyi və Oyunların Davosdakı təqdimatı üçün minnətdarlığımı bildirirəm. Mən və həmkarlarım Azərbaycanda Bakı 2015 Avropa Oyunlarına yüksək şəkildə hazırlıq işlərinin getdiyini müşahidə etdik və idman qurğuları ilə tanış olduq. Burada yaradılan şəraitdən, idman qurğularından, hazırlıq işlərin çox razı qaldıq".

AOK Koordinasiya Komissiyasının sədri Spiros Kapralos Komissiyanın Bakı 2015 Avropa Oyunları ilə bağlı əldə edilmiş irəliləyişləri müşahidə etmək məqsədilə Azərbaycana son səfəri olsa da, kiçik qruplar şəklində yenə də ölkəmizə gələcəklərini bildirib. O, Koordinasiya Komissiyasının V iclasında məruzələr və məlumatların ətraflı olduğunu və bundan əvvəlki iclasdan bugünədək çox böyük işlər həyata keçirildiyini qeyd edib: "1400-1500 insan Bakı 2015 Avropa Oyunlarının yüksək səviyyədə keçməsi üçün çalışır. Biz Oyunların marşrut şəbəkəsi boyunca hərəkət edərək, Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi və Avropa Oyunları Parkını gəzdik, burada olan şəraitlə tanış olduq. Bakı 2015 Uniforma Paylama və Akkreditasiya Mərkəzinin açılış mərasimində iştirak etdik. Bu mərkəzdə "Alov qoruyan" könüllülər proqramının iştirakçılarının qeydiyyatı aparılacaq və onlara uniformalar paylanacaq. Müşahidə etdiklərimiz çox gözəl və möhtəşəm idi. Bakıda nəqliyyat, quruculuq və abadlıq işlərində böyük nəticələr əldə olunub. Şübhəmiz yoxdur ki, Azərbaycan I Avropa Oyunlarını möhtəşəm şəkildə təşkil edəcək".

Gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov Oyunlara hazırlıq məqsədilə görülən işlərin AOK Koordinasiya Komissiyası tərəfindən yüksək qiymətləndirildiyini deyib. O, Komissiyanın üzvlərinin dəyərli məsləhətlər verdiklərini qeyd edib: "AOK Koordinasiya Komissiyasının üzvləri çox əhəmiyyətli məsləhətlər verdilər. I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün onların məsləhətləri önəmlidir.

Azərbaycan I Avropa Oyunlarının keçirilməsi üçün rekord müddətdə hazırlıq işləri görür. Bakı 2015 Avropa Oyunları özündən sonra böyük irs qoyacaq.

Azərbaycan idman ölkəsi olduğunu sübut edib. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanda idmanın inkişafına böyük diqqət və qayğı göstərir. Biz də cənab Prezidentin həyata keçirdiyi uğurlu idman siyasətinin davam etdirilməsi üçün əlimizdən gələni edirik".

Nazir Bakı Olimpiya Stadionunda 97 faiz işlərin başa çatdığını deyib: "Stadiondakı işlər tamamlananda burada müvafiq avadanlıqlar quraşdırılacaq. Xüsusi açılış tədbiri keçirilməyəcək. Açılış elə iyunun 12-də olacaq. Ən yaxın tarix budur".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq ölkəmizə gələcək 6450 idmançının 70 faizinin yerləşdirilməsi üçün işlərin başa çatdığını, 30 faizi üçün isə işlərin tezliklə yekunlaşacağını bildirib. O, Bakı 2015 Avropa Oyunlarının hazırlıq işlərində çalışan 1356 nəfərin 68 faizinin azərbaycanlı olduğunu deyib: "Oyunlarda 18 min könüllü iştirak edəcək. Mərasimlərə əlavə könüllülər də cəlb olunacaq. I Avropa Oyunlarının loqosu da Oyunların dünya səviyyəsində tanınması baxımından çox gözəldir.

Oyunlar onlarla ölkədə canlı nümayiş olunacaq. Avropada 183 milyon insan I Avropa Oyunlarını izləyə biləcək. Avropanın hər ölkəsində Oyunlardan təxminən 5,1 saat canlı yayım nümayiş olunacaq.

Bakı 2015 Avropa Oyunlarının başlanmasına 126 gün qalıb. Birgə əməkdaşlığımızla qalan kiçik işləri də tamamlayaraq, yarışları yüksək səviyyədə keçirəcəyimizə inanıram".

Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə