Əjdər Cəfərov: "İdmançı intizama riayət etmirsə, hazırlığı istənilən səviyyədə olmayacaq"
Azərbaycan Güləş Federasiyasında (AGF) yığma komandaların məşqçilər korpusu ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüş yığma komandaların hazırki vəziyyəti və qarşıdan gələn yarışlara hazırlığını müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək, idmançıların nizam-intizam qaydalarını təhlil etmək məqsədi daşıyıb.
AGF-nin katibi Əjdər Cəfərov ilk növbədə hər bir yığma komanda üzvünün nizam-intizam qaydalarına riayət etməsinin vacibliyini bildirib: "Hər bir idmançı ilk növbədə nizam-intizamlı olmalıdır. Uğur qazanmaq istəyirsənsə, intizama riayət etməlisən, proqram əsasında çalışmalısan. Bu günə qədər qazandığı nailiyyətlərdən asılı olmayaraq, hər-hansı idmançı intizama riayət etmirsə, məşqçilərin tapşırıqlarını yerinə yetirmirsə, o idmançının hazırlığı da istənilən səviyyədə olmayacaq. Əlbəttə, nizam-intizamla yanaşı, fiziki və taktiki hazırlıq da önəm daşıyır. İdmançıların fiziki və taktiki hazırlığının artırılması istiqamətində işləri gücləndirmək lazımdır. Qarşıda bizi tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları gözləyir. Güləşçilərimiz hər zaman mötəbər yarışlardan qalib ayrılaraq xalqımızı, dövlətimizi sevindiriblər. Çalışmaq lazımdır ki, doğma paytaxtımızda keçiriləcək Avropa Oyunlarında da nailiyyətlərimizlə güləş azarkeşlərini, xalqımızı sevindirək. Bunun üçün hər cür şərait var. Hazırlıq prosesləri, təlim-məşq toplanışları AGF-nin prezidenti Fazil Məmmədovun və federasiyanın I vitse-prezidenti Namiq Əliyevin birbaşa nəzarətindədir. Bizim, məşqçilərin və idmançıların üzərinə düşən ən vacib məsələ etimadı doğrultmaqdır".
Görüşün yekununda yığma komandalarda nizam-intizama riayət etməyən, fiziki və taktiki hazırlığı üzərində çalışmayan idmançılara qarşı ciddi mövqe nümayiş etdirmək qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB