Stolüstü tennis turnirinə həsr olunmuş mətbuat konfransı keçirilib

Fevralın 2-də Milli Gimnastika Arenasında fevralın 6-dan 8-dək Bakıda keçiriləcək stolüstü tennis üzrə Top-16 turnirinə həsr edilən mətbuat konfransı olub. Tədbirdə Avropa Stolüstü Tennis İttifaqının nümayəndəsi Roman Pleş iştirak edib. O bildirib ki, ölkəmizdə bu miqyasda stolüstü tennis yarışı ilk dəfədir keçirilir və onun əsas məqsədi stolüstü tennisi Azərbaycanda yaymaq və gənclərin diqqətini idmanın bu növünə cəlb etməkdir. Turnirdə Avropanın ən güclü 16 kişi və 16 qadın tennisçisi iştirak edəcək. Azərbaycanı Fərhad İsmayılov və Məryəm İmanova təmsil edəcəklər.

Bakının turnirin ev sahibi seçilməsi təsadüfi deyil. P.Pleş vurğulayıb ki, Milli Gimnastika Arenasında müəyyən olunmuş standartlara cavab verən hər cür şərait var. Stolüstü tennisin Birinci Avropa Oyunlarının proqramına daxil edilməsi də öz təsirini göstərib.

Qeyd edək ki, Top-16 turnirinin püşkatma mərasimi fevralın 5-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...