Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun görüşü keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın "Baku Fires" klubu Qazaxıstanın "Astana Arlans" komandası ilə qarşılaşıb.
Döyüşlərdən öncə keçirilən bədii hissədən sonra rinqə ilk olaraq 49 kq çəki dərəcəsində Rəsul Saliyev və onun rəqibi Temirtas Jusupov çıxıb. WSB liqasında debüt edən boksçumuz Qazaxıstan çempionu, 2013-cü il Asiya çempionatının qalibi ilə görüşdə məğlub olub.
56 kq çəki dərəcəsində isə Məhəmməd Qurbanov Nursultan Koşequlov ilə üz-üzə gəlib. Əzmkar döyüş nümayiş etdirən boksçumuz rəqibindən üstün olub.
64 kq çəki dərəcəsində Heybətulla Hacəliyev Asxat Ualixanovla döyüşüb. H. Hacəliyev görüşü qələbə ilə başa vurub.
Daha sonra rinqə 91 kq çəki dərəcəsində çıxış edən boksçular dəvət olunub. Rahil Məmmədli Vasili Levitlə qarşılaşıb. WSB liqasında debüt edən R. Məmmədli 2009-cu ilin Asiya çempionu ilə sona qədər döyüşə bilməyib. Məşqçilər ikinci raunddan sonra onun döyüşü davam etdirməsinə icazə verməyiblər.
Son görüşdə 75 kq çəki dərəcəsində "Baku Fires"in boksçusu Jaba Xositaşvili Meyrim Nursultanovla qarşılaşıb. Rəqib J. Xositaşvilidən daha çox xal qazanıb və qalib gəlib.
Beləliklə, "Baku Fires" bu mövsüm WSB liqasının 3-cü turunda Qubada Qazaxıstanın "Astana Arlans" klubuna 2:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Baku Fires" ilk turda Qubada "İtalia Thunder" üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə məğlub olub.
"Astana Arlans" klubu isə cari mövsümdə bundan öncəki hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən qazaxlar, 2-ci turda səfərdə "Rafako Hussars Poland"ı 3:2 hesabı ilə üstələyib.
WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.
Xatırladaq ki, "Baku Fires" ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda "Cuba Domaderos" klubuna uduzaraq, 2-ci nəticə göstərmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB