Rizvan Gənciyev: "İdmançılarımızın uğurlu çıxış edəcəyinə inanırıq" FOTOLAR
Sabah Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 3-cü turunun görüşü keçiriləcək. Azərbaycanın "Baku Fires" klubu Qazaxıstanın "Astana Arlans" komandası ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, bu gün görüşün keçiriləcəyi kompleksdə qarşılaşma ilə bağlı mətbuat konfransı keçirilib.
Konfransda "Baku Fires" klubunun baş meneceri Rizvan Gənciyev, baş məşqçisi Nuripaşa Talıbov, "Astana Arlans"ın baş meneceri Serik Sapiyev, baş məşqçisi Marat Jakiyev və hər iki klubun boksçuları iştirak ediblər.
Boksçuların çəki mərasimindən sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
WSB-nin supervayzeri Narsi Kişan yenidən Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib. O, sabah döyüşlərin maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini qeyd edib.
Rəqib komandanın baş meneceri S. Sapiyev qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını bildirib. O, klubda administrativ rəhbərliyin dəyişdiyini və heyətdə yeni boksçuların olduğunu deyib: "Artıq komandanın heyətində legioner azdır. Boksçuların çoxu yerli idmançılardır.
Bütün döyüşlərdə hədəfimiz qələbədir. Bu görüşdə də "Baku Fires"ə qalib gəlməyə çalışacağıq. Ötən mövsüm "Baku Fires"ə məğlubiyyət keçmişdə qalıb və o haqda fikirləşmirik".
"Baku Fires"in baş meneceri Rizvan Gənciyev komandasının tanınmış rəqiblə döyüşəcəyini və qələbə qazanmaq üçün boksçuların bütün gücləri ilə döyüşəcəklərini qeyd edib: "Heyətimizdə 2 yeni boksçu var. Onlar 49 kq çəki dərəcəsində döyüşən Rəsul Saliyev və 91 kq çəki dərəcəsində mübarizə aparan Rahil Məmmədlidir. Belaruslu boksçumuz Çernobayevin heyətdə ola bilməməsi texniki səbəblə bağlıdır. Onu vaxtında sifariş edə bilmədik. Həmin çəkidə Rahil Məmmədli tam hazırlıqlıdır və ona güvənirik. İdmançılarımız yaxşı hazırlıq keçiblər və onların uğurlu çıxış edəcəyinə inanırıq".
O, 75 kq çəki dərəcəsində Heybulla Musalovun komandada olmamasının səbəbini də açıqlayıb: "Heybulla Musalov komandada 3-cü nömrə idi. Biz onu saxlamaq istəyirdik. O isə 3-cü nömrə olmaq istəmədi və komandanı tərk etdi. Musalov bu yaxınlarda Azərbaycan çempionatında qalib oldu".
R. Gənciyev WSB liqasında qadınlar arasında da yarışların keçirilib-keçirilməyəcəyi barədə sualı belə cavablandırıb: "Bu, dərhal qəbul olunası qərar deyil. Fevralın 3-də WSB liqasının iclası olacaq. Orada çox güman ki, bu haqda qərar qəbul ediləcək. Çünki Beynəlxalq Olimpiya Komitəsi də bərabərlik olmasını tələb edir. Bu qərardan sonra WSB liqası daha maraqlı olacaq".
Qeyd edək ki, "Astana Arlans" klubu cari mövsümdə hər iki görüşünü qələbə ilə başa vurub. İlk turda Almatıda Venesuela komandasını 5:0 hesabı ilə məğlub edən qazaxlar 2-ci turda səfərdə "Rafako Hussars Poland"ı 3:2 hesabı ilə üstələmişdi.
"Baku Fires" isə ilk turda Qubada "İtalia Thunder" üzərində 4:1 hesablı qələbə qazansa da, ötən həftə səfərdə Venesuela klubuna 2:3 hesabı ilə uduzub.
Bu həftə qrupumuzda USA "Knockouts" "Caciquez Venezuela"nı, "Rafako Hussars Poland" "Argentina Condors"u, "İtalia Thunder" isə "Puerto Riko Hurricanes"i qəbul edəcək.
Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.
Xatırladaq ki, "Baku Fires" ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda "Cuba Domaderos" klubuna uduzaraq, 2-ci nəticə göstərmişdi.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB