Olimpiya çempionu: "Komandamızın Avropa Oyunlarında uğurlu çıxış edəcəyinə inanıram" MÜSAHİBƏ

Olimpiya çempionu: "Komandamızın Avropa Oyunlarında uğurlu çıxış edəcəyinə inanıram" MÜSAHİBƏ

Qadın güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu Patimat Baqomedovanın SİA-ya müsahibəsi:

Patimat Baqomedovanın idmançı karyerasındakı uğurları ilə tanış olaq:

2010-cu ildə gənclər arasında Avropa çempionatının bürünc mükafatçısı

2010-cu ildə yeniyetmələr arasında Olimpiya Oyunlarının qalibi

2011-ci ildə gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı

2011-ci ildə böyüklər arasında dünya çempionatının bürünc mükafatçısı

2012-ci ildə gənclər arasında Avropa çempionatının gümüş mükafatçısı

2013-cü ildə böyüklər arasında Avropa çempionatın bürünc mükafatçısı

2013-cü ildə gənclər arasında Avropa çempionatının qalibi

- Ayağınızdakı zədə sizə Avropa Oyunlarında yarışmağa imkan yaradacaq?

- Bu günə qədər ayağımdakı zədə mənə çox əziyyət verirdi. İndi yaxşıyam. Hazırlıq prosesində iştirak edirəm. Ancaq ayağımdakı zədə tam yüksək səviyyədə məşq etməyimə mane olur. Avropa Oyunlarında 53 kq çəki dərəcəsində güləşmək fikrindəyəm. Hazırda 48 kq-da güləşirəm. 23 yaşlı güləşçilər arasında dünya çempionatına 48 kq çəki dərəcəsində çıxacağam. Özümü yaxşı hiss etsəm, çəkimi artıra bilsəm, Avropa Oyunlarında iştirak etmək üçün heyətə düşməyə çalışacağam.

- 48 kq çəki dərəcəsindən 52 kq-a qalxmaq mübarizə baxımından çətin olmayacaq?

- Çəki artanda güləşmək də çətinləşir. Ancaq medal qazanmaq istəyirəm. 48 kq çəki dərəcəsində 2 dəfə Olimpiya mükafatçısı, dünya və 4 qat Avropa çempionu, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" Beynəlxalq Turnirinin 3 qat qalibi Mariya Stadnik var. Əgər çəki yığıb 53 kq-a çata bilsəm, Avropa Oyunlarında iştirak etmək istəyirəm. 53 kq çəki dərəcəsində də bir neçə iddiaçı var. Ancaq mən heyətə düşə biləcəyimi fikirləşirəm.

- Avropa Oyunlarında komandamızdan neçə medal gözləyirsiniz?

- Yığma komandamız tam gücü ilə hazırlıq prosesi keçir. Bütün güləşçilərimiz məsuliyyəti dərk edir və məşqlərə son dərəcə ciddi yanaşırlar. Məşqçilərimiz də hazırlıqları xüsusi proqram üzrə keçirirlər. Komandamızın Avropa Oyunlarında yaxşı çıxış etməsini təmin etmək üçün hazırlıq prosesi çox yüksək səviyyədə keçir.

Kimlərin dəqiq medal qazanacaqlarını adlarla deyə bilmərəm. Ancaq Avropa Oyunlarında qadınlardan ibarət komandamızın 3-4 medal qazanacağını düşünürəm. Onlardan 2-si qızıl ola bilər. Mariya Stadnikdən isə qızıl medal gözləyirəm. Komandamızın Avropa Oyunlarında uğurlu çıxış edəcəyinə inanıram.

- Bəs Dünya Kubokunda çıxış edəcəksiniz?

- Dünya Kubokunda çıxış edib-etməyəcəyimi bilmirəm. Ayağımdakı zədənin tam sağalması və bərpa prosesi keçmək lazımdır. Ancaq güləşmək istəyirəm. Zədənin tam sağalmamış yenilənməsindən qorxuram.

- Dünya Kubokundakı rəqiblər barədə nə deyə bilərsiniz?

- Dünya Kubokundakı rəqiblərimizə qalib gələ bilərik. Yaponiya, Polşa və ABŞ yığmaları ilə qarşılaşacağıq. Onlardan ən çətin rəqib Yaponiya yığmasıdır. Məncə, bu mərhələni keçəcəyik. Bizim komandamız da güclüdür. Hər-halda biz özümüzü göstərmişik. Finala düşə bilərik.

Bütün xəbərlər Facebook səhifəmizdə