Cəmşid Xeyrəbadi: "Avropa Oyunlarında çıxışımızla Azərbaycanın qüruru olacağımıza söz veririk" MÜSAHİBƏ

Cəmşid Xeyrəbadi: "Avropa Oyunlarında çıxışımızla Azərbaycanın qüruru olacağımıza söz veririk" MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Cəmşid Xeyrəbadinin SİA-ya müsahibəsi:

- Yığma komandanın 2015-ci ildə əsas hədəfləri barədə məlumat verərdiniz...

- 2015-ci ilin proqramı hazırlanıb. Bu proqramın tam şəkildə izahatı var. Sabah idmançılarımız Fransaya hazırlıq xarakterli yarışa yola düşəcəklər. Tehranda keçiriləcək Dünya Kuboku da hazırlıq xarakteri daşıyır. 2015-ci ildə iki böyük hədəfimiz var. Onlardan biri Bakıda keçiriləcək I Avropa Oyunları, digəri isə dünya çempionatıdır. Bu yarışlarda yüksək nəticələr əldə etməyə çalışacağıq.

Baş məşqçi kimi medal qazanmamaq haqqında fikirləşməyə haqqım yoxdur. Məşqlərimiz çox yüksək şəkildə davam edir və idmançılarımız bütün gücləri ilə çalışırlar. Avropa Oyunlarında çıxışımızla Azərbaycanın qüruru olacağımıza söz veririk.

- Bakı 2015 ilk Avropa Oyunlarının proqramına əsasən ilk yarış güləşçilər arasında keçiriləcək...

- Avropa Oyunlarında ilk olaraq güləş yarışlarının keçirilməsi bizim üçün heç bir çətinlik törətmir. Biz başqa idman növlərinə nümunə olacağıq və yaxşı ənənə formalaşdıracağıq. Yaxşı başlamaq lazımdır ki, başqa növlərdə yarışan idmançılarımız da ruhlansınlar və Azərbaycan bayrağı həmişə yüksəklərdə olsun.

- Səkkiz çəki dərəcəsindən hansıların medal qazanmaq şansı daha çoxdur?

- Güləş rekordsuz idman növüdür. Burada həmişə gözlənilməz nəticələr olur. Güləşçilərimiz çox yaxşı məşq edirlər və mən onlara inanıram. Onlar Azərbaycanın qüruru olacaqlar. Güləşçilərimiz son nəfəslərinə qədər Azərbaycan üçün yarışacaqlar. Səkkiz çəki dərəcəsində də medal qazanmaq şansımız var. Qızıl medal isə 2-3 ədəd ola bilər.

- Hansı çəki dərəcələrində rəqabət var?

- Avropa Oyunlarında iştirak etmək üçün yığmamızın hər bir üzvünün əsas heyətə düşmək üçün şansı var. Burada bir neçə məqam əsas götürüləcək. Hazırlıq səviyyəsi 100 faiz olmalıdır. Təlim-məşq toplanışlarındakı nizam-intizam qaydalarına əməl edilməlidir.

Bizim 59 kq çəki dərəcəsində bir çox adlı-sanlı idmançılarımız var - Rövşən Bayramlı, Taleh Məmmədov, Elman Muxtarov, Murad Məmmədov, Orxan Əhmədov, Sakit Quliyev, Murad Bazarov. Onlardan dördünü İrana "Təxti Kuboku"na, birini Dünya Kubokuna, birini Fransa, birini isə Türkiyəyə yarışlara göndərəcəyik. Onların nəticələrinə və hazırlıqlarına baxacağıq. Seçimdə yenə də çətinlik olsa, lazım bilsək, onların arasında yarış keçirəcəyik. Üç görüşdən ikisində qələbə qazanan heyətə düşəcək.

Qalan çəkilərdə əsasən kimlərin heyətə düşəcəyi bəllidir.

- Ağır çəki dərəcələrində vəziyyət necədir?

- Mən Azərbaycana gələndən çalışmışam ki, yerli güləşçilərdən istifadə edim. Məsələn 2014-cü ilin Avropa çempionatında yunan-Roma güləşi üzrə yığma komandanın 4 azərbaycanlı idmançısı medal qazandı. Azərbaycan onların vətənidir. Bu, çox vacibdir. Ancaq ağır çəkidə Azərbaycan güləşçilərinin problemi var. 130 kq çəki dərəcəsində Azərbaycana bir tələbəmi gətirmişəm - Sabah Şəriəti. Onun yaşı da azdır. Allah qoysa, o dünya və Olimpiya çempionu olmağı bacarar. Bununla da 130 kq çəki dərəcəsində problemi həll etmişik.

Söz verirəm ki, 98 kq çəki dərəsində xüsusi zədə və başqa problem olmasa, Orxan Nuruyev gələcəkdə dünya və Olimpiya çempionu olacaq. Ancaq bunun üçün onu 2-3 il hazırlamaq lazımdır. Onun hələ 19 yaşı var. Orxan 22 yaşında dünyada parlayacaq.

Biz heyətə yeni gənclər cəlb etmişik. Onların 18-19 yaşları var. Azərbaycan güləşini çox araşdırıb, oxumuşam. İnidyə kimi Azərbaycan güləşinin gələcək üçün belə potensialı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə