Namiq Əliyev: "Güləşçilərimiz Avropa Oyunlarında da Azərbaycan xalqını sevindirəcəklər" AÇIQLAMA

Namiq Əliyev: "Güləşçilərimiz Avropa Oyunlarında da Azərbaycan xalqını sevindirəcəklər" AÇIQLAMA

"Avropa Oyunlarına artıq az bir vaxt qalıb. Yeni ilin ilk günlərindən güləşin hər üç növü üzrə yığma komandalarımız müxtəlif ölkələrdə təlim-məşq toplanışları keçiblər. Hazırda hər üç komanda məşqlərə Bakıda davam edir". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, Dünya Güləş Birliyi (DGB) İdarə Heyətinin üzvü Namiq Əliyev jurnalistlərə açıqlamasında deyib. O, növbəti həftədən idmançılarımızın yarışlara yollanacaqlarını qeyd edib: "Qarşıdan gələn yarışlar idmançılarımız üçün Avropa Oyunlarına hazırlıq mərhələsidir. Dünya Kuboku çox önəmlidir. Hər üç komandamız burada mübarizə aparmaq üçün vəsiqə qazanıb. Dünya Kubokunda yunan-Roma güləşçilərimiz İranda, sərbəst güləşçilərimiz Amerikada, qadınlardan ibarət komandamız isə Sankt-Peterburqda yarışacaqlar.

Dünya Kubokundakı rəqiblərimiz bizim üçün fəlakət deyil. Əksinə onlar bu barədə düşünməlidirlər. İranda həmişə böyük ajiotaj olur. Yunan-Roma güləşi üzrə yarışlar başqa yerdə keçirilsəydi, ümumiyyətlə heç bir problem olmazdı. Amma bu dəfə komandamız İrana birinci heyətlə gedir.

Sərbəst güləş üzrə yığma komandamızda ümumiyyətlə problem yoxdur. Son təhlillər göstərir ki, yunan-Roma güləşi üzrə yığmamız İranla eyni səviyyədədir. Bütün çəkilərdə komandalarımız stabildirlər. Zədəlilərimiz, xəstə idmançılarımız yoxdur. Çox maraqlı görüşlər olacaq".

O, güləşçilərimizin Avropa Oyunlarında xalqımızı qələbələrlə sevindirəcəklərinə inandığını bildirib: "Azarkeşlər güləşçilərdən böyük nəticələr gözləyirlər. İdmançılarımızın üzərində böyük məsuliyyət var. Avropa Oyunları üçün hər üç komandamız kifayət qədər hazırlıqlıdır və böyük potensialımız var. Güləşçilərimiz həmişə olduğu kimi, Avropa Oyunlarında da Azərbaycan xalqını sevindirəcəklər.

Avropa Oyunlarının proqramında ilk yarışların güləş idman növü üzrə olması bizim üçün heç bir çətinlik yaratmır. Bunun idmançılara azacıq psixoloji təsiri ola bilər. Ancaq evdə güləşəcəyimizi nəzər almaq lazımdır. Avropa məkanında bizim yığmalara çətin rəqib kimi ancaq Rusiya komandası var. Başqa elə çətin rəqib görmürəm".

N. Əliyev Avropa Oyunlarından sonra keçiriləcək dünya çempionatı barədə də danışıb: "Avropa Oyunlarından bir ay yarım sonra Las Veqasda çox önəmli dünya çempionatı keçiriləcək. Orada Olimpiya Oyunlarına vəsiqə qazanmaq mümkündür. Çalışmalıyıq ki, həm Avropa Oyunlarında, həm də dünya çempionatında yaxşı nəticələr əldə edək".

O, DGB-nin yeni qərarlarını da şərh edib: "DGB-nin hakimlərin geyimini dəyişdirməsi düzgün qərardır. Hakimlərin geyimi idman baxımından hərəkətlərini məhdudlaşdırırdı. O geyimlə bəzi hərəkətlərdə hakimlərin reaksiyası vaxtında olmurdu.

Döşəyin rənglərinin dəyişməsi və güləşçilərin trikosunun müasirləşməsi də qərara alınıb. Bütün bunlar azarkeşləri güləşə daha da cəlb edəcək.

AGF-nin I vitse-prezidenti Azərbaycanın güləş hakimlərinin beynəlxalq yarışlarda ölkəmizi layiqli təmsil etməsi üçün onların yaxşı yetişdirilməli olduqlarını qeyd edib: "Hakimlərin ölkəmizi layiqli təmsil etmələri üçün onları yaxşı yetişdirmək lazımdır. Yaxşı yetişdirilməmiş hakimlərin təmsilçiliyi böyük problem yarada bilər. Olimpiya oyunlarında, dünya çempionatlarında bizi 2 hakim təmsil edirdi, yenə də iki hakim təmsil edəcək. Onlardan biri gəncdir, biri isə uzun illərdir belə yarışlarda hakimlik edir. Gənc hakimin də kifayət qədər təcrübəsi var. DGB və AGF rəhbərliyi onun beynəlxalq turnirlərdəki hakimliyini çox yüksək qiymətləndirib".

Bütün xəbərlər Facebook səhifəmizdə