Yanvarın 23-də və 24-də AİBA Pro Boxing (APB) turnirində növbəti döyüşlər keçiriləcək. İlk yarış günündə super ağır çəki dərəcəsində çıxış edən boksçular mübarizə aparacaq. 2 qat dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov rusiyalı Maqomed Omarovla üz-üzə gələcək. Milli komandamızın üzvü artıq iki dəfə - London Olimpiadasında və 2013-cü ildə Qazaxıstandakı dünya çempionatında Omarovla qarşılaşıb və hər iki görüşdə qələbə qazanıb. SİA-nın məlumatına görə, rusiyalı boksçu jurnalistlərə açıqlamasında həmin döyüşləri xatırladaraq, revanş arzusunda olduğunu deyib. Məcidov isə ötən görüşlərə nisbətən indi özünü daha yaxşı hiss etdiyini vurğulayıb: "Xəstəlikdən sonra özümə tam gəlməmiş AİBA Pro Boxing turnirində ilk döyüşümə çıxdım. Verveyko ilə qarşılaşmada heç 50 faiz hazır deyildim. İndi daha optimal formadayam. Omarovu yaxşı tanıyıram. Onun həm APB-də, həm də Olimpiya boksundakı görüşlərini diqqətlə izləmişəm". Omarovun məşqçisi Zübeyr Cəfərov Məhəmmədrəsul Məcidovun 2 döyüşü vaxtından əvvəl başa vurmasının onun ziyanına işləyə biləcəyini deyib: "Məcidov hər iki qarşılaşmada nokautla qalib gəlib. 6 raund mübarizə aparmayıb. Bu baxımdan Omarovun azacıq üstünlüyü var". Qeyd edək ki, Məcidov Omarovu məğlub etsə, APB-dən lisenziya şansını saxlayacaq.
Superağır çəki dərəcəsində çempionluq kəməri uğrunda almaniyalı Erik Pfayeferlə Mərakeş nümayəndəsi Məhəmməd Arjoui üz-üzə gələcək. Ötən görüşü zədə səbəbindən sona kimi davam etdirə bilməyən Pfayfer bu dəfə özünü yaxşı hiss etdiyini bildirib. Qeyd edək ki, final qarşılaşması 8 raund olacaq.
Bundan başqa, misirli Əhməd Samir Almaniyanı təmsil edən Alı Kıydınla üz-üzə gələcək. Mixay Nistorun rəqibi Toni Yoka isə Bakıya gəlməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB