İlham Qasımzadə: "Bakı 2015"lə bağlı məsuliyyəti hamımız hiss edirik"

İlham Qasımzadə: "Bakı 2015"lə bağlı məsuliyyəti hamımız hiss edirik"

"Karateçilərimizin Birinci Avropa Oyunlarında uğur qazanması üçün gərgin hazırlıq prosesi keçirik". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli karate Federasiyasının I vitse-prezidenti İlham Qasımzadə deyib. O, yığma komandamızın uğurlu hazırlıq keçməsi üçün hər cür şərait yaradıldığını qeyd edib: "Federasiyamıza sponsorumuz tərəfindən 2 böyük zal təqdim olunub. Gənclər və böyüklərdən ibarət yığma komandalarımız "İnter Arena" stadionunda ikimərtəbə zalda məşq edirlər. Orada idmançılar üçün lazım olan bütün şərait və vasitələr var. Masaj, metodik təhlil, məşqçilər və hakimlərin üçün də otalar ayrılıb. Metodik təhlil otağında idmançılar məşqçilərlə birlikdə öz döyüşlərinə baxıb təhlil edirlər.

Təlim-məşq toplanışları üçün otel ayrılıb. Gənclər və İdman Nazirliyi və həkimlərlə birlikdə vitaminləşdirmə həyata keçirilir. İdmançılarımız Gənclər və İdman Nazirliyinin Reabilitasiya Mərkəzindən də istifadə edirlər.

Bakı 2015 Avropa Oyunlarına nəzəri və praktiki məsələlərlə bağlı bütün hazırlıqlar uğurla həyata keçirilir".

İ. Qasımzadə Birinci Avropa Oyunlarında karateçilərin düzgün strategiya seçmələri üçün hazırlıq məqsədilə xaricdən mütəxəssislər dəvət edəcəklərini qeyd edib: "Yığma komandanın baş məşqçisi Rəhman Hətəmov və federasiya prezidenti Yaşar Bəşirovla məsləhətləşib burada seminarlar üçün xaricdən bir neçə mütəxəssis dəvət edəcəyik. Mütəxəssislərlə döyüşlərdə strategiya məsələləri müzakirə olunacaq".

Federasiyanın I vitse-prezidenti qarşıdan gələn beynəlxalq yarışlarda Avropa Oyunlarına qədər idmançılarımızın daha çox təcrübə toplayacaqlarını deyib: "Sabah idmançılarımız Paris Open beynəlxalq turnirində iştirak etmək üçün Fransaya yola düşəcəklər. Martda isə Avropa çempionatı olacaq. Bu yarışlarda karateçilərimiz daha çox təcrübə toplayacaq, potensial rəqiblərini öyrənəcəklər".

İ. Qasımzadə Beynəlxalq Karate Federasiyasının rəhbərliyinin və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarının Azərbaycan karateçilərinin təlim-məşq bazasında olduqlarını və şəraitdən razı qaldıqlarını bildirib: "Beynəlxalq Karate Federasiyasının rəhbərliyi ilə də görüşlərimiz olub. Onlar burada bizim şəraitimizə, məşqlərə baxıblar. Bildiriblər ki, Azərbaycanda karate sürətlə inkişaf edir və bunu digər ölkələrə nümunə göstərmək olar.

Ötən ilin sonunda Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində karate idman növünün təqdimatını keçirdik. BAOƏK-nin əməkdaşları bizim təlim-məşq bazamıza baxıblar. Avropa Oyunlarından bir neçə gün öncə digər ölkələrin komandaları da bizim təlim-məşq bazasında məşq edəcəklər.

Qeyd edim ki, yeddi beynəlxalq hakimimiz Birinci Avropa Oyunlarında ədalət prinsiplərini qoruyanlar arasında olacaq.

"Bakı 2015"lə bağlı məsuliyyəti hamımız hiss edirik. Nəticə vermək lazım olduğunu yaxşı bilirik. Ona görə əzmkarlıqla işlərimizi, hazırlıqlarımızı davam etdiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə