Əjdər Cəfərov: "Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə bütün gücümüzlə dəstək verəcəyik"

Əjdər Cəfərov: "Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə bütün gücümüzlə dəstək verəcəyik"

"Güləş üzrə yığma komandalarımızın Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə davam edir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov deyib. O, ölkəmizdə təşkil olunacaq Birinci Avropa Oyunlarına hazırlıq məqsədi ilə yığma komandalarımızın xüsusi proqram üzrə məşqlər keçdiyini qeyd edib: "Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun Avropa Oyunlarına hazırlıqla bağlı müvafiq əmri var. Avropa Oyunlarına hazırlaşmaq üçün xüsusi proqram hazırlanıb. İlin ilk təlim-məşq toplanışları yekunlaşıb. Yanvarın 29-da Fransanın Paris şəhərində keçiriləcək beynəlxalq turnirdə hər 3 yığma komandamız iştirak edəcək. İdmançılar orada bir növ sınaqdan keçiriləcəklər. Daha sonra yenə təlim-məşq toplanışları davam etdiriləcək və ən güclülər Avropa Oyunlarında yarışmaq hüququ əldə edəcəklər".

Baş katib idmançılarımızın Birinci Avropa Oyunlarında yüksək səviyyədə çıxış edəcəklərinə əminliyini bilidirb: "Nəinki güləş, bütün idman növləri ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Prezidentimizin Azərbaycan idmanına və idmançılara göstərdiyi qayğı sayəsində bütün idman növlərində inkişaf və uğurlar əldə olunur. Əminəm ki, idmançılarımız Birinci Avropa Oyunlarında da ölkəmizi yüksək səviyyədə təmsil edəcəklər".

Ə. Cəfərov federasiya işçilərinin də Bakı 2015 Avropa Oyunlarına hazır olduqlarını qeyd edib: "Azərbaycan Güləş Federasiyasında ixtisaslı mütəxəssislər çalışır. Həm idman, həm də beynəlxalq şöbə öz işlərini yüksək peşəkarlıqla yerinə yetirir. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlıq edirik. Hazırda AGF-nin iki nümayəndəsi Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində çalışır. Onlar güləş bölməsini təmsil edirlər. Federasiyamız yüksək təşkilatçılıq qabliyyətinə malikdir. Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə bütün gücümüzlə dəstək verəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə