Elvin Məmişzadə: “Həmin idmançı ilə yenidən döyüşməyə hazıram” MÜSAHİBƏ
Boks üzrə Olimpiya oyunlarının iştirakçısı, Avropa çempionatının gümüş və bürünc mükafatçısı Elvin Məmişzadənin SİA-ya müsahibəsi:
- Elvin, WSB liqasının yeni mövsümünün ilk qarşılaşmasında Azərbaycanın "Baku Fires" klubu İtaliyanın "İtalia Thunder" komandasını 4:1 hesabı ilə məğlub etdi. "Baku Fires"in təcrübəli boksçusu kimi komandamızın döyüşü barədə nə deyə bilərsən?
- Öncədən də bilirdik ki, İtaliya komandasının heyətində 49 kq çəki dərəcəsində döyüşən Pekin və London Olimpiadalarının bürünc mükafatçısı, Avropa çempionu Patrik Barns güclü boksçudur. Mən də Avropa çempionatının finalında ona məğlub olmuşam. Qalan çəki dərəcələrində döyüşən boksçularmıza inanırdıq və hamısı da qələbə qazandı.
Güclü təlim-məşq toplanışları keçirmişik. Artıq üçüncü toplanışı başa vurmaq üzrəyik. Bilirdik ki, yeni mövsüm iki həftədən bir döyüşlərimiz olacaq. Ona görə, hazırlıq prosesini daha da gücləndirmişik.
- Növbəti görüşünüz Venesuela klubu ilə olacaq. Bu komanda WSB liqasında dübüt edəcək. Rəqib barədə məlumatınız var?
- Düzdür, Venesuela klubu WSB liqasında birinci dəfədir çıxış edəcək. Ancaq mən rəqibimi tanıyıram. O, yerli boksçu Eduard Salasdır. Onunla Qazaxıstanda dünya çempionatında döyüşüb, qələbə qazanmışam. Doğrudur, Venesuela ilə saat və iqlim fərqimiz var. Yalnız uyğunlaşmaq bizim üçün cüzi şəkildə çətin ola bilər. Başqa heç bir amil bizim üçün çətinlik törədə bilməz. Orada 52 kq-da mən, 60 kq-da Albert Səlimov, 69 kq-da Yevgeni Romaşkeviç, 81 kq-da Soltan Migitinov və superağır çəki dərəcəsində Arslanbek Mahmudov döyüşəcək. Onların hamısı sayılıb-seçilən boksçulardır. Allah qoysa, İtaliya komandası üzərindəki qələbənin ardını gətirərik.
- Sonuncu Azərbaycan Kuboku sənin üçün uğurlu olmadı. 52 kq çəki dərəcəsində əsas fovarit sən olsan da, məğlub oldun. Oradakı çıxışın barədə fikirlərini bilmək istərdik...
- Azərbaycan Kubokunda tam məğlub olmamışdım. Özümü məğlub olmuş saymıram. Orada heç özüm də bilmirəm niyə belə oldu. Rəqib də, mən də yaxşı döyüş göstərmədik. Döyüşüm alınmadı. Başqa problem yox idi.
- Yenidən birinci nömrə olduğunu necə sübut edəcəksən?
- Çalışacağam ki, WSB liqasında Rio Olimpiadasına lisenziya qazanım. Lisenziya qazanmaq da asan olamayacaq. İki həftədən bir döyüşlərimiz var. Bu döyüşlərdə çəki salmaq da çətindir. Özümə inanıram. Allah qoysa, lisenziya qazanaram.
Əgər rəhbərlik yoldaşlıq görüşü keçirməyi məsləhət görərsə, mən həmin idmançı ilə yenidən döyüşməyə hazıram. O, mənim rəqibimdir. Yoldaşlıq görüşü olmalıdır ki, tam əminliklə kimin güclü olduğu müəyyənləşsin.
- Komandaya yeni yerli boksçular qoşulub. Onların hazırlığı necə gedir?
- Komandamıza yeni qoşulmuş yerli boksçularla öncədən də söhbətlər etmişdik. Onlara artıq məşqlər barədə danışmışdım. Bilirdilər ki, məşqlər yığma komandada olduğundan fərqlənir. Yeni boksçular da çox yaxşı uyğunlaşdılar. Məşqçilər də onlardan razıdır.
- Uzun illər olimpiya boksunda çıxış etmisən. Artıq 3 ildir WSB liqasında döyüşürsən. Döyüşdə qaydaların fərqli olduğu məlumdur. Bəs hazırlıq baxımından hansı fərqlər var?
- WSB liqasında məşqlər zamanı fiziki hazırlıq daha çox olur. Burada güc önəmli rol oynayır. Rəqib də fiziki cəhətdən güclü ola bilər. Ona 5 raund qarşılıq vermək lazımdır. Düzdür, yığma komandada da belə məşqlər olur. Ancaq hər məşqçinin öz taktikası var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB