Bu gün Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşü keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanın "Baku Fires" klubuİtaliyanın "İtalia Thunder" komandası ilə qarşılaşıb.
Rəqqasların iştirakı ilə təşkil olunmuş bədii hissədən sonra rinqə ilk olaraq 75 kq çəki dərəcəsində"Baku Fires" klubunun üzvü Nikolay Veselov və "İtalia Thunder"in boksçusu Salvatore Kavallaro dəvət olunub. Gərgin keçən döyüşdə "Baku Fires"in boksçusu qalib gəlib -2:1.
Daha sonra 49 kq çəki dərəcəsində Məhəmməd İbiyev Patrik Barnsla döyüşüb. M. İbiyev Pekin və London Olimpiadalarının bürünc mükafatçısı, Avropa çempionu P. Barnsa məğlub olub (0:3).
56 kq çəki dərəcəsində Məhəmməd Qurbanov London Olimpiadasının bürünc mükafatçısı Maykl Konlanla görüşüb. İdmançımız rəqibindən üstün olub və rinqi qalib tərk edib (3:0).
64 kq çəki dərəcəsində Heybətulla Hacəliyev London Olimpiadası və 2011-ci il dünya çempionatının bürünc mükafatçısı Vinçenzo Mangiakapre ilə üz-üzə gəlib. H. Hacəliyev V. Mangiakapredən güclü olduğunu sübut edib və komandasına daha bir qələbə qazandırıb-3:0.
Son görüşdə 91 kq çəki dərəcəsində döyüşən boksçular Əbdülqədir Abdullayev və Fabio Turçi qarşılaşıblar. Boksçumuz rəqib idmançını rinqdə qaydalar çərçivəsində sözün əsl mənasında döyüb. Ə. Abdullayev 3-cü raundda F. Turçini nokaut edib.
Ümumi nəticəyə görə, "Baku Fires" "İtalia Thunder"i 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparır. Azərbaycan komandası B qrupunda "İtalia Thunder"lə yanaşı, "Astana Arlans", "Argentina Condors", "Caciques Venezuela", "Puerto Rico Hurricanes", "Rafako Hussars Poland" və USA Knockouts klubları ilə gücünü sınayacaq.
A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba,Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışır.
WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.
Xatırladaq ki, "Baku Fires" ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda "Cuba Domaderos" klubuna məğlub olaraq, 2-ci nəticə göstərmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB