Rizvan Gənciyev: "WSB liqasında Olimpiya Oyunlarına 10 lisenziya qazanmağı hədəfləmişik"

Rizvan Gənciyev: "WSB liqasında Olimpiya Oyunlarına 10 lisenziya qazanmağı hədəfləmişik"

Xəbər verdiyimiz kimi, sabah Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yeni mövsümünün ilk görüşü keçiriləcək. Azərbaycanın "Baku Fires" klubu İtaliyanın "İtalia Thunder" komandası ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, görüşün keçiriləcəyi kompleksdə bu gün çəki mərasimi və komandaların iştirakı ilə mətbuat konfransı təşkil olunub. Tədbirdə "Baku Fires" klubunun baş meneceri Rizvan Gənciyev, baş məşqçisi Nuripaşa Talıbov, "İtalia Thunder" klubunun baş meneceri Klaudio Ballor, baş məşqçisi Paolo Kassera və komandaların heyətləri iştirak ediblər.

"İtalia Thunder" klubunun baş meneceri Klaudio Ballor bu mövsümün daha maraqlı keçəcəyini qeyd edib: "Yeni mövsümdə 17 boksçu Rio Olimpiadası üçün lisenziya qazananacaq. Döyüşlər daha gərgin və maraqlı keçəcək. Sabahkı görüşün də maraqlı olacağını düşünürəm. "Bakı Fires"in çox yaxşı heyəti var. Ancaq biz də yaxşı hazırlaşmışıq. Boksçularımıza inanıram və nəticənin bizim xeyrimizə olacağını düşünürəm".

"Baku Fires" klubunun baş meneceri Rizvan Gənciyev komandasının bu mövsüm uğurlu çıxış edəcəyinə inandığını bildirib: "Bu mövsüm yarışda 16 komanda mübarizə aparacaq. Komandamızda dəyişikliklər olub. Heyət 35-dən 22-23 nəfərə qədər azalıb. Komandamızın tərkibi millinin ən yaxşı üzvlərindən ibarətdir. Rəqiblər güclüdür, ancaq biz də yaxşı hazırlaşmışıq. Uzaq səfərləri nəzərə alaraq, heyəti bir neçə komandaya bölmüşük. Döyüşlərdə çıxış edəcək hər heyət görüşdən bir neçə gün öncə səfərə çıxacaq. Bu isə mühitə uyğunlaşmaqda kömək olacaq və yorğunluq olmayacaq. WSB liqasında Olimpiya Oyunlarına 10 lisenziya qazanmağı hədəfləmişik. Boksçularımıza uğurlar arzulayıram".

Daha sonra çəki mərasimi keçirilib və tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, Ümumdünya Boks Seriyasının V mövsümündə 16 komanda iki qrupda mübarizə aparacaq. Azərbaycan komandası B qrupunda "İtalia Thunder"lə yanaşı, "Astana Arlans", "Argentina Condors", "Caciques Venezuela", "Puerto Rico Hurricanes", "Rafako Hussars Poland" və USA Knockouts klubları ilə gücünü sınayacaq.

A qrupunda isə Əlcəzair, Böyük Britaniya, Çin, Kuba, Meksika, Mərakeş, Rusiya və Ukrayna klubları yarışacaq.

WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Xatırladaq ki, "Baku Fires" ötən mövsüm Ümumdünya Boks Seriyasında yalnız finalda "Cuba Domaderos" klubuna məğlub olaraq, 2-ci nəticə göstərmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə