"Bakı 2015 Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə davam etdirilir. Bütün idman qurğularında işlər cədvəl üzrə gedir". SİA-nın məlumatına görə, bu sözləri gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov deyib. O, Bakı Olimpiya Stadionunun işlərinin başa çatmaq üzrə olduğunu qeyd edib: "Bakı Olimpiya Stadionunda 93-95 faiz işlər yekunlaşıb. Skaybokslar və oturacaqlar hazırdır. Ətrafda abadlıq işləri aparılır. "Bakı Olimpiya Stadionu Birinci Avropa Oyunları zamanı istifadə olunacaq idman qurğuları arasında yeganə idman obyektidir ki, burada test yarışları keçirilməyəcək. Quraşdırılmış tentlərdə açılış və bağlanış mərasimlərinin məşqlərinə artıq başlanılıb. Müəyyən zamandan sonra bu məşqlər stadionda quraşdırılacaq səhnədə keçiriləcək.
Su idman növləri üçün nəzərdə tutulmuş və müvəqqəti qurğularda da işlər cədvəl üzrə davam etdirilir. Hətta bəzi hallarda müəyyənləşdirilmiş cədvəl də qabaqlanır. Hər-hansı bir gecikmə gözlənilmir və heç bir çətinlik yoxdur. Fevral-mart aylarında bütün işləri bitirib test yarışları keçirmək istəyirik".
Nazir Azad Rəhimov Bakı 2015 Avropa Oyunlarının büdcəsi barədə də danışıb. O, büdcə xərclərinin 2 hissəyə bölündüyünü bildirib: "Birinci büdcə xərcləri dövlətin 2018-ci ilə qədər təsdiq olunmunş investisiya proqramına daxildir. Burada bütün sahələrlə yanaşı, idmana da yer verilib. İkinci büdcə isə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyat büdcəsidir. Buraya maaşlar, texnologiya sistemləri, müvəqqəti qurğular, kommunikasiya, təbliğat işləri və gündəlik tələb olunan xərclər daxildir. Bütün bu xərclərə 950 milyon manat ayrılıb. Hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib".
Nazir 300-dən çox idmançı ilə qatılacağımız Birinci Avropa Oyunlarında idmançılarımızın yüksək nəticələr qazanacaqlarına inandığını qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB