"Coca-Cola" şirkəti Bakı 2015 Avropa Oyunlarının rəsmi tərəfdaşı oldu
Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi "Coca-Cola" şirkəti ilə bu yay keçiriləcək ilk Avropa Oyunlarının rəsmi tərəfdaşlığına dair müqavilə imzalayıb. SİA-nın məlumatına görə, bu münasibətlə "Fairmont" oteldə keçirilən tədbirdə gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov, "Coca-Cola" şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə prezidenti xanım Qalya Frayman Molinas, Azərbaycan Coca-Cola Bottlers Ltd. MMC-nin Baş direktoru Cem Becel, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iştirak edib.
Tədbirdə Bakı-2015 Avropa Oyunlarının təqdimat videosu nümayiş olunub.
Daha sonra gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov çıxış edərək "Coca Cola" şirkətinin Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olduğunu təsdiq etməkdən məmnunluq hissi duyduğunu qeyd edib: "Birinci Avropa Oyunları bütün qitəni sülh və əminamanlıq şəraitində birləşdirən idman bayramı olacaq. "Coca Cola" şirkətinin beynəlxalq aləmdə tanınması və mühim beynəlxalq idman yarışlarına hər zaman dəstək olmasını nəzərə alaraq bu qurumu Birinci Avropa Oyunları üçün mükəmməl tərəfdaş hesab edirik. "Coca Cola" şirkəti ilə tərəfdaşlıq Bakı 2015 Avropa Oyunları haqqında məlumatlılığı artıracaq. Şirkətin Oyunlara dəstək olmaq üçün səylərini yüksək qiymətləndiririk".
"Coca-Cola" şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə prezidenti xanım Qalya Frayman Molinas bildirib ki, Bakı 2015 Avropa Oyunlarının tərəfdaşı olmaq şirkət üçün böyük şərəfdir: "Azərbaycana bu tarixi məqamda dəstək olmaq üçün səylərimizi şərəf və ləyaqətlə həyata keçirəcəyik. "Coca-Cola" şirkəti Azərbaycanda hər zaman fəal həyat tərzini dəstəkləyib. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi ilə əlaqərimizi inkişaf etdirəcəyik. Birinci Avropa Oyunlarını böyük həyəcanla gözləyirik".
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq "Coca-Cola" şirkətinin "Bakı 2015 Avropa Oyunları ailəsinə qatıldığına görə sevindiyini deyib: "Dünyada sayılıb-seçilən "Coca-Cola" şirkəti ilə tərəfdaşlıq etməkdən mənunuq. Bu şirkət hər zaman idman tədbirlərinə dəstək olub. Rəsmi tərəfdaş və dəstəkçilərimizin köməyi ilə biz bütün qitəni bu yay keçiriləcək tarixi idman bayramına cəlb edəcək və müstəsna yarışlar həyata keçirəcəyik".
Gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov, "Coca-Cola" şirkətinin Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə prezidenti xanım Qalya Frayman Molinas, Azərbaycan Coca-Cola Bottlers Ltd. MMC-nin Baş direktoru Cem Becel rəsmi tərəfdaşlıq barədə müqaviləni imzalayıblar.
Xanım Qalya Frayman Molinas Azad Rəhimova üzərində Bakı 2015 Avropa Oyunlarının loqosu təsvir olunmuş şüşə qab təqdim edib.
Qeyd edək ki, müqaviləyə əsasən, Bakı 2015 Avropa Oyunlarının brendi şirkətin bütün Azərbaycan ərazisindəki "Coca-Cola" və "Bonaqua" içkilərinin etiketləri üzərində əks olunacaq. Şirkət həmçinin xüsusi olaraq Oyunlar üçün məhdud sayda məhsulların qablaşdırılmasını həyata keçirəcək və yarışlarla bağlı məlumatlılığı artırmağa kömək edən kompleks marketinq kampaniyasına başlayacaq.
Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB