Ölkə çempionatı başlayır

Sabah Şağan Olimpiya İdman Kompleksində boks üzrə böyüklər arasında Azərbaycan çempionatına start veriləcək. SİA-nın məlumatına görə, yarışda respublikamızın müxtəlif şəhər və rayonlarının komandalarını təmsil edən 150-dən çox idmançının iştirak etməsi gözlənilir.

Qeyd edək ki, milli komandamızın bir çox aparıcı boksçuları ölkə çempionatına qatılmayacaq. Onların bəziləri "Baku Fires" klubunun heyətində WSB liqasının yeni mövsümünə hazırlaşırlar. Cavid Çələbiyev (56 kq), Tamerlan Abdullayev (69 kq) və Məhəmmədrəsul Məcidovu isə (+91 kq) AİBA Pro Boxing turnirində növbəti görüşlər gözləyir.

Azərbaycan çempionatına yanvarın 12-də yekun vurulacaq. Döyüşlər saat 14:00-da başlayacaq.

Xatırladaq ki, oktyabrda "Sərhədçi" İdman Olimpiya Mərkəzində ölkə kuboku yarışları keçirilmiş və həmin turnirdə bütün aparıcı boksçular gücünü sınamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə