Arif Əsədov: "Çatışmayan cəhətlərimizi daha yaxşı analiz etmək imkanımız olacaq"

Arif Əsədov: "Çatışmayan cəhətlərimizi daha yaxşı analiz etmək imkanımız olacaq"

"Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, hazırlıq prosesi üçün sıx qrafik nəzərdə tutulduğunu qeyd edib: "Təlim-məşq toplanışı müddətində komanda gündə 2 dəfə məşq edəcək. Bununla yanaşı, oyun günləri də məşq planlaşdırılıb. Orada olduğumuz müddətdə azı 6 yoxlama oyunu keçirəcəyik. Təbii ki, bu oyunlar üçün daha güclü klubları seçə bilərdik. Məsələn, "Metallist" Xarkov, "Bursaspor" kimi komandalar "Neftçi" ilə oynamaq istəyirdilər. Amma belə olan halda oyunlarımızı məskunlaşacağımız "Mardan İdman Kompleksi"ndən xeyli aralıda keçirməli olacaqdıq. Bu isə gərgin məşqlərin fonunda əlavə yorğunluq və vaxt itkisi deməkdir. Ona görə də təlim-məşq toplanışı keçdiyimiz stadionda oynamağa razılaşan klubları seçdik. Rəqiblərimiz arasında olan İranın son çempionu "Fulad" komandası Asiya Çempionlar Liqasının da iştirakçısıdır. Ümumiyyətlə rəqiblərimiz müxtəlif oyun üslubuna malik komandalardır. Belə olan halda çatışmayan cəhətlərimizi daha yaxşı analiz etmək imkanımız olacaq. Təlim-məşq toplanışı müddətində gənc yerli oyunçuları da yoxlayacağıq. Çalışacağıq ki, onlar da tədricən əsas komandaya uyğunlaşsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə