"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marçetti ilə görüşüb. SİA-nın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan görüş 1 saat davam edib. T. Gözəl C. Marçettiyə öncə "Qarabağ" klubu haqqında məlumat verib. O, "Qarabağ" komandasının Azərbaycanın eyniadlı bölgəsini təmsil etdiyini vurğulayıb, komanda və reallıqlar haqqında geniş danışıb. "Qarabağ"ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, bir milyon məcburi köçkünü təmsil etdiyini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib.
T. Gözəl ardınca "Qarabağ"ın çıxışından da danışıb. O, ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacib olduğunu vurğulayıb. Vitse-prezident İtaliya "İnter"i ilə son oyunda baş verən məlum olaya toxunub. O, edilən haqsızlığı sadəcə bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqlarının tapdalanması kimi dəyərləndirib. T. Gözəl UEFA-nın məsələ ilə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.
C. Marçetti isə öz növbəsində baş verən olaya UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələ ilə bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərar çıxaracağını ifadə edib. UEFA rəsmisi epizodu daha dəqiq müfaviq qurumların dəyərləndirəcəyini söyləyib. O, hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirən C. Marçetti istənilən halda UEFA-nın hakimlik məsələsinə çox həssas yanaşdığını qeyd edib. Onun sözlərinə görə, hakimlər xətaya yol verdikləri zaman karyeralarına ciddi zərbə vuracaqlarını yaxşı anlayırlar. Eyni zamanda uğurlu idarəçilik zamanı da daha çox təqdir qazanmış olurlar.
UEFA rəsmisi "Qarabağ" klubunun alınacaq qərarla razılaşmayacağı təqdirdə etiraz hüququnun olduğunu bildirib. O, bu halda "Qarabağ" klubunun UEFA-nın bayrağı altında olan digər klublar kimi daha ali məhkəməyə müraciət etmək imkanına malik olduğunu vurğulayıb.
C. Marçetti həmçinin "Qarabağ"ın uğurlu çıxışını təqdir edib. O, "Qarabağ"ın qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. UEFA rəsmisi daha öncə Bakıda olduğunu, paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqi etməsini yüksək qiymətləndirib. O, "Qarabağ"ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək komandaya uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB