Rauf Əliyev: "Azərbaycana qarşı artıq idmanda da ikili siyasət aparılır" AÇIQLAMA

Rauf Əliyev: "Azərbaycana qarşı artıq idmanda da ikili siyasət aparılır" AÇIQLAMA

"Bütün dünya Avropa Liqasının qrup mərhələsində "İnter"lə oyunda Azərbaycanın "Qarabağ" klubuna qarşı edilən haqsızlığı gördü. Dünyanın ən məşhur idman nəşrləri bu haqda yazdı". Bu fikirləri SİA-ya açıqlamasında AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev deyib. O, "Qarabağ"ın uğurlarının erməniləri qıcıqlandırdığını qeyd edib: "Ermənilər də ona görə narahat idilər ki, "Qarabağ" klubu qrupdan çıxanda adı bütün dünyada Azərbaycanla birlikdə çəkiləcəkdi, təbliğatı birə on artacaqdı. Ancaq "Qarabağ" klubuna qarşı olunan haqsızlıq da bütün dünyada yayıldı və dünya mətbuatı Azərbaycanın "Qarabağ" klubuna qarşı ədalətsizlikdən yazdı. Bütün dünyada bir daha "Qarabağ"ın adı Azərbaycanla birlikdə çəkildi. Bu da erməniləri qıcıqlandırdı. İndi onlar "Qarabağ"ın UEFA-ya etdiyi şikayətdən də narahat olurlar. Ona görə Avropada yaşayan erməni diasporu UEFA-ya sərsəm məktublar yazıb, həmişəki kimi həyasızcasına əsassız və məntiqsiz iddialar edirlər".

AFFA-nın vitse-prezidenti Avroliqada "Qarabağ"a qarşı haqsızlığın Azərbaycana qarşı aparılan ikili siyasət olduğunu bildirib: "Hakim təmiz qolu qeydə almadı. Bu haqsızlıq göstərir ki, Azərbaycana qarşı artıq idmanda da ikili siyasət aparılır. Bu, bir növ idman yox, siyasi məsələdir. Bütün Azərbaycan xalqı, dünya mətbuatı "Qarabağ"ı dəstəkləyir. Oyun canlı yayımla və online rejimdə nümayiş olunurdu. Bütün dünyanın mütəxəssisləri çıxışlarında qolun 100 faiz qaydalar çərçivəsində vurulduğunu bildirdilər. Bu, Azərbaycana qarşı ikili standartdır, "Qarabağ" Futbol Klubuna qarşı təxribat və ədalətsizlikdir".

Millət vəkili "Qarabağ" klubunun düzgün yolda olduğunu vurğulayıb: "Azərbaycan Prezidenti İlham Əliyev klubun heyətini qəbul etdi. Görüş zamanı Avropa Liqasının qrup mərhələsində "Qarabağ" klubuna qarşı ədalətsizlik olduğu vurğulandı. Cənab Prezident də bildirdi ki, "Qarabağ" klubu və onun adı böyük əhəmiyyət kəsb edir. Ölkə başçısının "Qarabağ" klubunu qəbul etməsi, kluba maliyyə vəsaiti ayırması Ağdam təmsilçisinin düz yolda olduğunu bir daha göstərdi.

"Qarabağ"a edilən haqsızlıqla bağlı UEFA-ya şikayət ünvanlanıb. Şikayətin cavabında gələn ilin fevralında qurumun iclasında bu məsələyə baxılacağını bildiriblər. İnanıram ki, bu haqsızlığa lazımi qiymət veriləcək. Haqq-ədalət öz yerini tapacaq.

Arzulayırıq ki, "Qarabağ" klubu daha böyük əzmlə çalışaraq, növbəti il daha böyük uğurlara imza atsın".

Bütün xəbərlər Facebook səhifəmizdə