Qurban Qurbanov: "Dövlət başçısı “Qarabağ”ı qalib komanda kimi qəbul etdi"

Qurban Qurbanov: "Dövlət başçısı “Qarabağ”ı qalib komanda kimi qəbul etdi"

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam təmsilçisini qəbul etməsindən danışıb. SİA-nın məlumatına görə, o, sportpress.az-a açıqlamasında qəbul zamanı Avroliqanın qrup mərhələsinin son oyununda "İnter"lə matçdan söhbət açıldığını deyib: "İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qəbul üçün təşəkkür etmək istərdim. Vaxt taparaq komandanı qəbul etməsi bizi çox sevindirdi. Dövlət başçısı "Qarabağ"ı qalib komanda kimi qəbul etdi. Prezident İtaliyanın "İnter" klubu ilə görüşümüzü izlədiyini və həmin oyunda vurulan qolun sayılmamasına görə məyus olduğunu bildirdi. Bununla belə dövlət başçısı cari mövsüm komandanın avrokuboklarda layiqli mübarizə sərgilədiyini qeyd etdi. Prezident İlham Əliyev "Qarabağ"ın Avroliqada çıxışını müsbət qiymətləndirdi.

Dövlət başçısından xoş sözlər eşitmək hər birimiz üçün böyük stimuldur. Prezidentin "Qarabağ"ı qəbul etməsi komandamızın hər bir üzvü üçün böyük dəstəkdir. Görüş futbolçularımızı daha çox həvəsləndirdi. Son oyunları tez bir zamanda unudub, növbəti matçlar barədə düşünmək vacibdir. Biz də qeyd etdik ki, "Qarabağ"ın gələcəkdə də uğurlu çıxış etməsi üçün çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə