Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vurulub. Proqrama əsasən, yarışın sonuncu günündə yunan-Roma güləşçiləri arasında 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində 70 idmançı mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Niyaməddin İbrahimov (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Türmən Eyyubov (98 kq) və Sabah Şəriəti (130 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.

Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi referilər tərəfindən idarə olunub. Bununla yanaşı, görüşlərin obyektiv idarə olunması məqsədilə Dünya Güləş Birliyinin beynəlxalq dərəcəli hakimlərinin də köməyindən istifadə edilib. Azərbaycan çempionatında ədaləti qorumaq üçün ona yaxın beynəlxalq dərəcəli hakim ölkəmizə dəvət olunub. Xüsusilə prinsipial qarşılaşmalarda onların xidmətindən istifadə edilib.

Çəki dərəcələri üzrə ilk üç yeri tutan idmançılar federasiya tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunublar. Həmin güləşçilər yığma komandanın heyətinə cəlb ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə