Dekabrın 13-də "Sərhədçi" Olimpiya İdman Mərkəzində böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi olub. Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən idmanın güləş növünə göstərdiyi diqqət və qayğıdan, habelə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb.
Bildirib ki, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın göstərdikləri yüksək nəticələr respublikamızın yalnız idman sahəsində potensial imkanlara malik olması deyildir, bu, həm də dövlət qayğısını əks etdirən göstəricilərdir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov pəhləvanlarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb.
Vurğulayıb ki, ölkə çempionatında 400-dən artıq güləşçi birincilik uğrunda mübarizə aparır. Çempionatın təşkili bizim üçün çox önəmlidir. Belə ki, bu yarış gələn il təşkil olunacaq birinci Avropa Oyunlarına seçim xarakteri daşıyır və milli komandamızın formalaşması üçün mühüm tədbirdir.
Turnirin açılışında Azərbaycanın dövlət himni səsləndirilib.
Sonra Parisdə Fransa və Azərbaycan güləşçiləri arasında keçirilən yoldaşlıq görüşünün iştirakçılarının mükafatlandırma mərasimi təşkil olunub. Xatırladaq ki, yoldaşlıq görüşü 9:1 hesabı ilə güləşçilərimizin xeyrinə başa çatmışdı.
Tədbir konsert proqramı ilə davam edib.
Dekabrın 15-dək davam edəcək yarışda hər çəki dərəcəsində mükafata layiq yerlər tutacaq idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB