Tahir Gözəl: “Biz səssiz qalmayacağıq, UEFA-ya etirazımızı bildirəcəyik” FOTO

Tahir Gözəl: “Biz səssiz qalmayacağıq, UEFA-ya etirazımızı bildirəcəyik” FOTO

Bu gün "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl və AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun iştirakı ilə "Qarabağ" futbol klubunun Suraxanı qəsəbəsində yeni inşa olunan təlim-məşq bazasında Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində İtaliyanın "İnter" klubu ilə oyununda qarşılaşdığı hakim ədalətsizliyi ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdən öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tahir Gözəl ötən gün keçirilən matçda hakimin qeydə almadığı qol epizodunu tam olaraq görə bilmədiyi üçün yenidən video-kadrlara baxdıqlarını və həmin epizodda heç bir qayda pozuntusunun olmadığını bildirib: "Dünən "Qarabağ" - "İnter" i" 1:0 hesabı ilə məğlub etdi. Amma qələbəmiz hakimlərin səhv qərarı ilə əlimizdən alındı. "Qarabağ"ın bu qolu müzakirə olunmazdır. Biz səssiz qalmayacağıq. "Qarabağ" sahibsiz deyil. UEFA-ya etirazımızı bildirəcəyik. Güman edirik ki, UEFA-da "Qarabağ"ın uğurunun hakimin səhvi nəticəsində qarşısının alındığını təsdiq edəcək. Nəticə dəyişməsə də bu, mənəvi cəhətdən çox önəmlidir. Layiq olduğumuz halda tarixi qələbə əlimizdən alındı. Dünənki qələbə statistikada heç vaxt görsənməyəcək, amma bu, "İnter" üzərində qələbə kimi Azərbaycan xalqının yaddaşında hər zaman qalacaq. "Qarabağ" klubu daha da gücləndiriləcək. Komandamızın daha da güclü olacağının ilk müjdəsi elə yeni inşa olunmuş təlim-məşq bazamızdır. Öncələr məşq üçün yerləri icarəyə götürürdük. Artıq buna ehtiyac olmayacaq. Hazırlığımızı öz təlim-məşq bazamızda aparacağıq. "Qarabağ"ın Avroliqadakı oyunları üçün köçürülən pullar futbolçulara da bölünür. Biz büdcəmizdən maksimum yararlı şəkildə istifadə etməyə çalışırıq".

Daha sonra AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov qeydə alınmayan qol epizodunu şərh edib: "İlk növbədə bildirməliyəm ki, qarşılaşma zamanı hakimlər briqadasının komanda işi bərbad vəziyyətdə idi. Qeydə alınmayan qol epizodu 3 hakimin gözləri qarşısında baş verdi. Amma hakimlər tez bir zamanda düzgün qərar qəbul edə bilmədilər. Epizodu baş və yan xətt hakimi görməsə belə kiçik fasilə verməli, əlavə hakimin fikri öyrənilməli və düzgün qərar çıxarılmalı idi. Çünki, əlavə hakim epizoda daha yaxın idi. Leroy Corc, hətta oyundankənar vəziyyətdə olsa belə, qol qeydə alınmalı idi. Çünki o, nə qapıçının qarşısında dayanmışdı, nə də ki, müdafiəçiyə topla oynamağa mane olurdu. Onun epizoda heç bir müdaxiləsi yox idi. UEFA-nın təyin etdiyi hakimlərin belə asan bir epizodda səhvə yol vermələri ağlasığımazdır. Bu səhv qərarın altında nə isə gizlənir. Oyunun hakim-inspektoru da bildirdi ki, vurulan qol qaydalar çərçivəsində idi. Hakimlər briqadasının qiyməti aşağı olacaq və müəyyən müddətdə UEFA-nın bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılacaqlar. Oyunu vaxtından əvvəl yekunlaşdırdıqda və matçda "lipa"oyunçu aşkar edildikdə qarşılaşma yenidən keçirilə bilər".

Mətbuat konfransından sonra "Qarabağ"ın rəhbərliyi və jurnalistlər klubun yeni inşa olunan təlim-məşq bazasını gəziblər.

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə