"Güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin və vacib oyun gözləyir. Bütün komanda bu oyunun məsuliyyətini dərk edir". SİA-nın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın "İnter" klubu ilə oyundan öncə keçirilmiş mətbuat konfransında deyib. O, qarşılaşmaya tam hazır olduqlarını qeyd edib: "Hər şeyi düzgün etməyə çalışırıq. Çox istərdik ki, sabah azarkeşlər stadionu yaxşı əhval-ruhiyyədə tərk etsinlər. Hər şeydən çox evdə məğlub olmaq istəmirik. Oyuna tam hazırıq. Rəqib Roberto Mançininin gəlişindən sonra dəyişilib. Buna görə ola bilər ki, onlar sabah tam fərqli taktika ilə meydana çıxsınlar. Bu da bizim üçün pisdir".
Baş məşqçi rəqibin əsas heyətlə gəlməməsinə də münasibət bildirib: "İnter" əsas heyətlə oynasaydı, daha yaxşı olardı. Çünki həmin futbolçuları tanıyırıq. Bu oyuna maksimum köklənmək üçün rəqibin heyəti barədə düşünmürük. Sabah bizə heç-heçə də bəs edə bilər. Amma meydana qələbə üçün çıxacağıq. "İnter" sıradan rəqib deyil. Azərbaycan və İtaliya futbolunu, çempionatını müqayisə etsək, böyük fərqlərin olduğunu görərik. Belə bir rəqiblə heç-heçə bizim üçün qələbəyə bərabər olacaq. Amma bir halda ki, Ukraynadakı oyunda da oxşar nəticə qeydə alınsın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB