"Qarabağ" - "İnter" oyunu öncəsi kassaların qarşısından fotoreportaj

"Qarabağ" - "İnter" oyunu öncəsi kassaların qarşısından fotoreportaj

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ" klubu "İnter"i qəbul edəcək. Oyunun biletləri artıq dünəndən satışa çıxarılıb. Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkən əməkdaşlarımızın verdiyi məlumata görə, arenanın kassalarının qarşısında bilet almaq üçün sıxlıq yaşanır. Azarkeş kütləsi arasında sakitliyi və təhlükəsizliyi təmin etmək üçün isə təhlükəsizlik xidmətinin əməkdaşları kassaların qarşısındadır.

Matça bilet əldə etmək istəyən azarkeşlərdən bəziləri ilə söhbət zamanı onlar sevimli komandalarına görə kassaların qarşısında saatlarla gözləməyə hazır olduqlarını bildirdilər. Azarkeşlər "Qarabağ" klubunun qələbə qazanacağına inandıqlarını, tarix yazan komandamızı hər zaman dəstəkləyəcəklərini qeyd etdilər.

Qeyd edək ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 1-10 AZN arasında dəyişir.

"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun saytımıza verdiyi məlumata əsasən, 31000 biletdən artıq 14000-i satılıb.

Mərkəzi arenada da oyun üçün hazırlıq işlərinə başlanılıb. Televiziya əməkdaşları matçın canlı yayımlanmasını təmin etmək üçün öncədən lazım olan avadanlıqların quraşdırılması işlərini həyata keçirirlər.

Nəzərinizə çatdıraq ki, "Qarabağ" - "İnter" qarşılaşmasını çexiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Miroslav Zelinka, onun köməkçiləri Ondrej Pelikan və Jiri Molacek olacaq. Matçın dördüncü hakimi funksiyasını isə Antonin Kordula yerinə yetirəcək.

Xatırladaq ki, "Qarabağ" - "İnter" matçı dekabrın 11-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə