BAOƏK-də triatlon idman növü üzrə təlim keçirilib

BAOƏK-də triatlon idman növü üzrə təlim keçirilib

Növbəti ilin yayında keçiriləcək İlk Avropa Oyunları ərəfəsində Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində triatlon idman növü üzrə yerli texniki rəsmi şəxslər üçün təlim keçirilib. SİA-nın məlumatına görə, iki gün ərzində ümumilikdə 21 nəfər triatlon idmanının norma və qaydalarının bütün cəhətlərini öyrənib və günortadan sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş praktik məşqdə iştirak ediblər.

Bakı 2015 Avropa Oyunlarında triatlon yarışlarının keçirilməsi üçün ümumilikdə 660 nəfərdən çox yerli texniki rəsmi şəxsin və təxminən 1000 nəfər beynəlxalq texniki rəsmi şəxsin iştirakı lazımdır.

Velosiped idmanı, gimnastika, taekvondo və güləş idman növləri üzrə rəsmi şəxslər yerli texniki rəsmi şəxslərlə işləmək üçün bu il Bakı şəhərinə səfər edib və geniş praktik seminarlarda iştirak ediblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O’Kallahan deyib: "Bu kurslar bizə yerli texniki rəsmi şəxslərə təlim keçmək imkanı təklif edir və Bakı 2015 Avropa Oyunlarının özündən sonra qoyacağı bəşəri irsin son dərəcə mühüm hissəsini təşkil edir.

Biz İlk Avropa Oyunlarından sonra Azərbaycanın idman sahəsində peşəkarlığının səviyyəsinin artmasını istəyirik və bu, texniki rəsmi şəxslərdən ibarət yeni nəsli maarifləndirmək üçün əla imkandır.

Bakı şəhərinə səfər edəcək rəsmi şəxslər dünyanın ən yaxşıları arasındadır və onların köməyi sayəsində Bakı 2015 Avropa Oyunlarının gələcəkdə keçiriləcək Avropa Oyunları üçün mükəmməllik etalonuna çevriləcəyinə inanırıq".

Azərbaycan Triatlon Federasiyasının nümayəndələri də yerli texniki rəsmi şəxslər ilə danışmaq və öz idman növləri haqqında daha ətraflı məlumat vermək üçün tədbirdə iştirak ediblər.

Bir il əvvəl yaradılmasına baxmayaraq, Azərbaycan Triatlon Federasiyası triatlon idmanının da Avropa Oyunlarından sonra qalacaq irsi formalaşdırması baxımından nəzərəçarpacaq irəliləyişlər əldə edib.

Triatlon yarışları Bakı 2015 Avropa Oyunlarının ilk həftəsində keçiriləcək və yarışlarda qalib gələn kişi və qadın idmançılar 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə