Tamerlan Abdullayev: "Döyüşə yalnız qələbə qazanmaq üçün çıxacağam"
"Döyüşə yalnız qələbə qazanmaq üçün çıxacağam". SİA-nın məlumatına görə, bu sözləri AİBA Pro Boxinq (APB) turnirində noyabrın 29-da 69 kq çəki dərəcəsində macarıstanlı Qyula Kayta qarşı döyüşəcək milli komandamızın üzvü Tamerlan Abdullayev döyüş öncəsi mətbuat konfransında deyib.
O, döyüşə yaxşı hazırlaşdığını qeyd edib: "Yığma komandanın yeni baş məşqçisi və məşqçi Nəriman Abdullayevin rəhbərliyi ilə çox yaxşı hazırlıq keçmişəm. Rəqibimi tanıyıram və ona hörmətlə yanaşıram. Rəqibin döyüşlərini izləyib, təhlil etmişəm. Öncədən neçə raund döyüşəcəyimi demək, ümumiyyətlə döyüş haqqında danışmaq düzgün olmaz. Güclü idmançı olduğunu bilirəm, ancaq qalib gələcəyimə inanıram".
Boksçumuz bu döyüşə çıxacağını iki həftə öncə öyrəndiyini bildirib: "Fariz Məmmədov zədələndiyinə görə, AİBA onu döyüşə buraxmadı. Məşqçilər mənim döyüşməyimi məsləhət gördülər. İki həftə öncə döyüşə çıxacağımı öyrənmişəm. Doğrudur, dünya və Avropa çempionatlarında medal qazanmamışam. Amma kifayət qədər beynəlxalq turnirlədə nailiyyətlərim var və 2013-cü ildə Avropa çempionatında 5-ci olmuşam.
Bilirəm ki, bütün diqqətlər mənim üzərimdədir. Var gücümlə döyüşəcəyəm və qələbə qazanaraq bayrağımızı yüksəklərə qaldırmağa çalışacağam".
Macarıstanlı boksçu Qyula Kayt da döyüşə yaxşı hazırlaşdığını deyib. O, görüşün çox güclü və gərgin keçəcəyini bildirib.
Nəzərinizə çatdıraq ki, 32 yaşlı Qyula Kayt 2003 və 2009-cu illərdə dünya çempionatının bürünc medalını qazanaraq 2 dəfə dünya üçüncüsü olub.
Xatırladaq ki, AİBA Pro Boxinq (APB) turnirinin növbəti döyüşləri (69 və 91 kq çəki dərəcələri) noyabrın 29-30-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə