Topaz Premyer Liqasında oynamaqdan imtina edərək, fəaliyyətini dayandırması haqqında Peşəkar Futbol Liqasına rəsmi müraciət edən "Araz-Naxçıvan" PFK yenidən toplanıb və fəaliyyətini Naxçıvan Muxtar Respublika birinciliyində davam etdirəcək. SİA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:
"Məlum olduğu kimi, "Araz-Naxçıvan" PFK 3 həftə öncə Azərbaycan çempionatında oynamaqdan imtina edərək Peşəkar Futbol Liqasına rəsmi olaraq müraciət etmişdi. PFL bu müraciətə baxaraq, komandamızın çempionatda oynamaqdan imtina etməsini təsdiq etmiş və klubun futbolçularına azad agent statusu verilmişdir. "Araz-Naxçıvan"ın çempionatdan imtina etməsinin səbəbi isə keçirdiyimiz oyunlarda hakimlərin komandamıza qarşı qərəzli mövqeyi idi. Bu barədə klub rəhbərliyi aidiyyatı quruma bir neçə dəfə müraciət etsə də, buna səthi yanaşıldı və klub 11-ci turdan sonra çempionatdan imtina etdiyini rəsmi olaraq bəyan etdi. Çempionatdan imtina etməsinə baxmayaraq, "Araz-Naxçıvan" fəaliyyətini dayandırmadı. Düzdür, bəzi mətbu orqanlar klubun çempionatda fəaliyyətini dayanadırmasını bəzi məqamlarla əlaqələndirdilər ki, bunlar həqiqəti əks etdirmir. Muxtar respublika təmsilçisi yalnız Topaz Premyer Liqasında oynamaqdan imtina edib və fəaliyyətini Naxçıvan Muxtar Respublika birinciliyində davam etdirəcək. Nə zaman ki, Azərbaycan futbolunda hakim haqsızlığı olmayacaq, o zaman klub rəsmi olaraq çempionatda oynamaq üçün müraciət edəcək. Çempionatda oynamaqdan imtina edən "Araz-Naxçıvan" bu gündən etibarən bir araya toplaşıb və seçimlərə start verib. Məqsəd isə qarşıdakı illərdə yalnız naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdırmaq və muxtar respublikada uşaq futbolunun inkişafına təkan verməkdir. Artıq bu gün komanda Naxçıvan Muxtar Respublika Stadionunda ilk məşqinə çıxıb. Seçimlərdə isə Naxçıvanın daxili birinciliyində çıxış edən komandaların heyətlərindən seçilən oyunçular iştirak edib. 10 günə yaxın davam edəcək ilk seçimlərdə 1992-2000-ci il təvəllüdlü futbolçular qüvvələrini sınayır. Bu seçimlərdə məşqçilər tərəfindən müsbət rəy alacaq futbolçular dekabrın son həftəsində yenidən bir araya gələcək və məşqlərə davam edəcəklər.
Bu müddət ərzində, daha dəqiq desək, 4-10 dekabr tarixlərində isə seçimlər 2000-2007-ci il təvəllüdlü futbolçular arasında aparılacaq və seçilən uşaqlar fevral ayında fəaliyyətə başlayacaq "Araz-Naxçıvan" futbol məktəbinə dəvət olunacaqlar.
Yenidən formalaşan "Araz-Naxçıvan" fevral ayının sonlarında başlayacaq Naxçıvan Muxtar Respublika birinciliyində, həmçinin Naxçıvan Kubokunda iştirak edəcək. Bu müddətə kimi isə komandamızın yoldaşlıq oyunları keçirəcəyi gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB