Robert Prosineçki: "Razılığa gəlsək, çalışacağam ki, Azərbaycan millisini irəli aparım"

Robert Prosineçki: "Razılığa gəlsək, çalışacağam ki, Azərbaycan millisini irəli aparım"

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan xorvatiyalı futbol mütəxəssisi Robert Prosineçki "Xəzər Lənkəran" - "Neftçi"oyunundan sonra jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, Bakının xoşuna gəldiyini bildirib: "Bakı xoşuma gəldi. Burada yaxşı qarşılandım. Hər şey çox gözəldir".

O, Azərbaycanda ilk dəfə oyun izlədiyini bildirib: "İlk yarıdan razı qaldım. Amma ikinci hissədən yox. Çünki fasilədən sonra qırmızı vərəqələrə görə yaxşı oyun görə bilmədik. İndiyədək 4 qırmızı vərəqənin göstərildiyi belə derbi görməmişdim".

O, hələ AFFA rəhbərliyi ilə görüşdən sonra milli komandada çalışıb-çalışmayacağının müəyyənləşəcəyini qeyd edib: "Şərtlər barədə danışmaq istəmirəm. Hələ ki, hər şey məni qane edir. Bir neçə gün də gözləyin. AFFA rəhbərliyi ilə görüşüb, danışandan sonra hər şey müəyyənləşəcək. Gəlsəm, ailəmlə birgə gələcəyəm və burada qalacağıq. Növbəti iki gün ərzində aşağı yaş qruplarından ibarət futbolçuları izləyəcəyəm. Sonra "Qarabağ"ın Fransada "Sent-Etyen"lə keçirəcəyi Avropa Liqası matçını izləməyə yollanacağam. Mən müqaviləni səbəbsiz yerə pozmuram. "Kayserispor"da aramızda bəzi problemlər oldu. Amma burada belə olmayacaq. Bütün şərtlərdə razılığa gəlsək, çalışacağam ki, Azərbaycan millisini irəli aparım".

Mütəxəssis Azərbaycan millisinin Xorvatiya ilə oyunu barədə də danışıb: "Həmin matçı Azərbaycan millisi İtaliya və Bolqarıstanla daha öncəki görüşlər kimi yaxşı keçirə bilmədi. Xorvatiyalı futbolçular da vurduqları bütün zərbələri qola çevirirdilər. Mən də əlimdən gələni edəcəyəm ki, bir də belə hallar təkrarlanmasın. Bilirəm ki, həmin oyunda yığmanız öz oyununu göstərə bilmədi. Rəqib də güclü idi, imkan vermədi. Amma komandanızın potensialından və nəyə qadir olmasından xəbərdaram. Çalışacağıq ki, gələcəkdə bunu göstərək".

Bütün xəbərlər Facebook səhifəmizdə